
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Aranlı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2107” markalı minik avtomobili ilə “OPEL” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən “OPEL” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfər sərnişin xilas edilib, “VAZ-2107” markalı minik avtomobilindən isə bir nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Yol-nəqliyyat qəzası zamanı üç nəfər həyatını itirib, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***12:04
Biləsuvar rayonunda baş verən ağır yol qəzasında üç nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı dəqiqləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi “Opel” markalı avtomobillə E.Kərimlinin idarə etdiyi “Vaz” markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma davam etdirilir.
***11:57
Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Globalinfo.az bildirir ki, “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı minik avtomobilinin “Opel” markalı minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alan həmin şəxslərdən biri hadisə yerində, biri isə xəstəxanada vəfat edib.
Yaralılar Biləsuvar və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.
Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.
Məlumata görə, “VAZ 2107”də olan şəxslər bir ailənin üzvləri olan Beyləqan rayon sakinləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir.
“Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.
Faktla bağlı araşdırma aparılır.