Rusiyanın Ukraynaya qarşı hərbi aqressiyası dayanmır.
Yanvarın 14-də Dneprdə 9 mərtəbəli binanın atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, 75 nəfər yaralanıb.
Dünyanın aparıcı gücləri Rusiyaya qarşı birləşsə də bu təcavüzə son qoyulmur.
Kremlin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya tank tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib ki, Ukraynaya tank tədarükü vəziyyəti dəyişməyəcək:
”Tankların tədarükü Ukrayna xalqının iztirablarını uzadacaq. Bu tanklar yanır və digərləri kimi yanmağa davam edəcək”.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı Globalinfo.az-a şərhində bildirib ki, Rusiya və Ukrayna arasında baş verənlər sadə oxucu və ya televiziya izləyicisi üçün iki ölkə arasında müharibə kimi görünə bilər:
“Əslində isə XXI əsrdə bir neçə dəfə bu kimi müharibələrdə müəyyən qrupların bu və ya digər ölkələri qurban verdiyinin şahidi olmuşuq. Bu gün Ukraynada günahsız insanlar həlak olurlar, amma Rusiya ilə Ukraynanı sülh danışıqları üçün masaya oturtmaq istəyən qüvvə dünyada demək olar ki, yoxdur. Bununla bağlı biz Qərbin, güclü beynəlxalq təşkilatların və qlobal oyunçuların çıxışını və ya bəyanatını görmürük”.
Politoloq qeyd edib ki, Türkiyə bu istiqamətdə səylərini göstərsə də müharibənin dayandırılması digər qüvvələrdən asılıdır:
“Bir tərəfdən silah göndərirlər, digər tərəfdən seyrçi mövqedədirlər. Hazırda Ukrayna Suriyadan sonra hərbi poliqona çevrilib. Bu və digər ölkələr öz silahlarını sınaqdan keçirir və müharibənin uzanması üçün əllərindən gələni edirlər. Bu reallığı ələlxüsus da Avrasiyanın orta xəttində geosiyasi qüvvələr arasında çəkişmə nöqtəsində yerləşən ölkələr başa düşməlidir”.
Gülnar Səlimova
Globalinfo.az