İranlı general-rezidentin yerini kim satıb?

“Məlum olduğu kimi, iki gün əvvəl İran ordusunun Suriyadakı əsas təlimatçılarindan biri, güman ki, rezident general Seyid Razi Musəvi İsrail aviasiyası tərəfindən Dəməşq yaxınlığında Seyyidə Zeynəb qəsəbəsində evin bombalanması nəticəsində ölüb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Rövşənoğlu deyib.

Politoloq deyib ki, İran mediasının münasibəti, eləcə də prezident İbrahim Rəisinin reaksiyası belə deməyə əsas verir ki, Seyid Razi çox mühüm adam olub:

“Üstəlik uzun illərdir Suriyadadır. Aydın məsələdir ki, onun yerini hansısa üçüncü ölkənin kəşfiyyatı İsrailə satıb. Özü də maraqlıdır ki, hadisə Suriya səfirinin etimadnaməsini Səudiyyə Ərəbistanına təqdim etdiyi gün baş verib. Əlbəttə, Suriya dövləti və ya Səudiyyə Ərəbistanının Seyid Razini satdığını demək doğru olmaz, amma mümkündür ki, içəridən kimsə ərəb ölkələrindən birinin kəşfiyyati ilə əməkdaşlıq edib”.

K.Rövşənoğlu təxminən 15 il əvvəl 2008-ci ilin fevralında Dəməşq ətrafında Hizbullahın hərbi qanadının lideri İmad Muğniyənin İsrail kəşfiyyatı tərəfindən sui-qəsdə məruz qalaraq öldürüldüyünü bildirib:

“Bir neçə il sonra Muğniyənin yerinin ərəb ölkələrindən birinin kəşfiyyatı tərəfindən İsrailə ötürüldüyü məlum oldu. Güman ki, bu dəfə də elə olacaq, yəni bir neçə ildən sonra açıqlanacaq. Bu baxımdan düşünürəm ki, İran rəsmiləri qisas dedikdə həm də generalın yerini satanı qəsd edirlər. Amma hələlik bu ölkənin kim olduğunu demək çətindir”.

Zaira Akifqızı
Globalinfo.az