Beynəlxalq birlik İrana sanksiya tətbiq edəcəkmi? – Ekspertlər mümkün ssenarini açdı

Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumla bağlı beynəlxalq ictimaiyyət mövqe nümayiş etdirdi.

Dünya dövlətləri, Avropa institutları, BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar bu hadisəyə hansı reaksiyanı verdilər? Səfirliyə qarşı terror aktı ilə bağlı İrana qarşı hər hansı siyasi, iqtisadi, diplomatik sanksiya tətbiq olunacaqmı?

Poltoloq Qabil Hüseynli Globalinfo.az-a bildirib ki, İranın Azərbaycan səfirliyinə qarşı törətdiyi terror hadisəsindən sonra bir çox ölkələrin bu hadisəyə reaksiyasını qənaətbəxş hesab etmək olar:

“Azərbaycana yaxın olan dövlətlər bizimlə eyni mövqeni bölüşərək bu hadisəni terror aktı kimi qiymətləndiriblər. Daha çox dövlətlər bunu beynəlxalq hüququn pozulması, baş verən hadisənin qəbuledilməzliyi haqqında fikirlər səsləndiriblər. Avropa institutları, ABŞ, BMT də bu məsələdə pozitiv mövqe sərgiləyiblər. Məsələn, BMT-nin sədri Antonio Quterreş bu hadisəni qətiyyətlə pisləyib, onu qəbuledilməz adlandırıb. Avropa Birliyi və Avropa Şurası da bu terror hadisəsini qınayıb və bölgədə gərginliyin artmasına səbəb ola biləcəyini qeyd etməklə baş verən hadisəni pisləyiblər”.

Qabil Hüseynli

Q.Hüseynli qeyd edib ki, artıq bu hadisələrin ərəfəsində Avropa Birliyi İrana qarşı yeni sanksiyalar paketi hazırlayırdı:

“Həmin sanksiya paketi İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsini nəzərdə tutur. Yəqin ki, bu günlərdə qəbul ediləcək. Üstəlik, İranın elit hərbi strukturu sayılan və dövlətin siyasətinə təsir etmək imkanlarına malik olan SEPAH-ı da Avropa institutları və ABŞ terrorçu, cinayətkar təşkilat kimi tanımaq haqqında qərar layihəsi qəbul ediblər. Yəqin ki, bu, Avropa Parlamentinin yığıncağında təsdiq olunacaq”.

Politoloqun sözlərinə görə, belə görünür ki, dünyanın İrana qarşı münasibətlərdə xüsusilə, onun son terror hadisəsindəki qeyri-səmimi mövqeyi pislənilir:

“Üstəlik, İsrailin srağagün İrana qarşı sınaq sayıla biləcək birinci hava hücumu uğurla başa çatıb. Bu məsələ bir növ müharibənin müqəddiməsi kimi qiymətləndiriləcək. Bu hücum aktı həm İranın müdafiə qabiliyyətini sıradan çıxarıb, həm də İran daxilində rejimə qarşı müxalif mövqe sərgiləyən inqilabçıları da ruhlandırıb. Artıq İrana qarşı Avropa və ərəb ölkələrinin koalisiyası formalaşmaqdadır. Avropada çox sayda ölkələr, eləcə də Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələrinin 20-yə qədər üzvü həmin koalisiyaya qoşulmaq barədə razılıq veriblər. Azərbaycanla Türkiyə bu məsələdə müstəqil hərəkət edir. Azərbaycan hələ ki, hadisələrdə neytral mövqe sərgiləyir. Türkiyə də eyni mövqeyi bölüşür. İstisna etmək olmaz ki, həm Azərbaycan, həm də Türkiyə İrana qarşı formalaşan koalisiyada yaxından iştirak etsinlər. Amma bu hər şeydən əvvəl Avropa institutlarının həm Türkiyə, həm də Azərbaycana qərəzli mövqeyindən əl çəkmələrindən və qərəzli qətnamələrini geri götürməsindən xeyli dərəcədə asılı olacaq”.

Millət vəkili Hikmət Babaoğlu isə Globalinfo-ya bildirib ki, İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı bütün dünya tərəfindən qınandı və lənətləndi:

“60-dan çox dövlət, 10-dan çox beynəlxalq təşkilat hadisəyə dərhal reaksiya verərək bu cür terror aktının törədilməsinin yolverilməz olduğunu bildirdilər. Dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT başda olmaqla Avropa İttifaqı və digər beynəlxalq regional təşkilatlar İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər çoxsaylı beynəlxalq institutlar, insan hüquqları institutları bu terroru qınadılar.

H.Babaoğlu bildirib ki, bu hadisədən sonra İranda terrorizmin dəstəkləndiyi çox aydın şəkildə göründü:

“Bizə bəlli oldu ki, qonşuluqda terrorçu dövlət tək Ermənistan deyil. Heç bir şəxs bu şəkildə ssenariləşdirilmiş terror aktını təkbaşına həyata keçirə bilməzdi. Ona görə Azərbaycan tələb edir ki, bu məsələyə aydınlıq gətirilsin və əgər bundan sonra diplomatik əlaqələr davam edəcəksə, Azərbaycana dəqiq zəmanət versin. Bu təkcə Azərbaycana aid deyil. Bu hadisə onu göstərdi ki, İrana akreditasiya olunmuş hər hansı bir ölkənin səfirliyi də eyni terrorla üz-üzə qala bilər. Artıq bunun yaşanmış çoxsaylı təcrübələri də var”.

Hikmət Babaoğlu

Deputat qeyd edib ki, İrana ayrı-ayrı ölkələr tərəfindən müxtəlif sanksiyalar tətbiq olunur:

“Şübhəsiz ki, bu cür hallar ən qatı sanksiyaları da zəruri edir. Ancaq Azərbaycan hələ də İrana qarşı sanksiyalara qoşulmayıb və bu qəddar terror hadisəsindən sonra da hələ də sanksiya tətbiq edilməsi tələbi ilə çıxış etməyib. Bunun müxtəlif səbəbləri var. Amma ən əsas səbəb budur ki, İranda bizim 30 milyondan çox soydaşımız yaşayır. Bu baxımdan, Azərbaycan beynəlxalq münasibətlərdə güclü, özünə inamı olan dövlət kimi davranır. Əlbəttə, İran baş vermiş terrorla bağlı qəti addımlar atmasa, qəti cəza tədbirləri görməsə, şübhəsiz ki, Azərbaycan ən müxtəlif təşəbbüslərlə çıxış edə bilər və müvafiq tədbirlərin görülməsi üçün müxtəlif qurumlara müraciət edə bilər. Hələlik isə indiki mərhələdə biz İranda terroru təşkil edənlərin ifşa olunmasını və terroru törədənin və onu təşkil edənlərin cəzalanmasını tələb edirik”.

Gülnar Səlimova
Globalinfo.az