Bəxtiyar Hacıyevin anası oğlu üçün bu addımı atmadı

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev azadlığa buraxılması üçün ölkə başçısı İlham Əliyevə növbəti dəfə müraciət edib. O, bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazır olduğunu bildirib.

Globalinfo.az məsələ ilə bağlı B.Hacıyevin anası Solidə Hacıyeva ilə əlaqə saxlayıb.

O, oğlunun ölkə başçısına müraciət etməsi xəbərini təsdiqləyib:

“Mənim oğlumun heç bir günahı yoxdur. Bəxtiyarın azadlığa çıxması üçün heç bir quruma müraciət etməmişəm. Özü hara istəsə, müraciət edə bilər. Onun 40 yaşı var və qərarları tək verə bilir. Günahı olsa, deyərdim, “yaxşı edib, həbsə atıblar”. Oğlumun azadlığa çıxıb-çıxmamasını dövlət bilər.

Deyirlər guya jurnalist Ülviyyə Alovluya görə həbs olunub. Xeyr, elə deyil. O zaman Ülviyyə Alovlu ilə danışanda hər ikisinin də səhv olduğunu dedim. İnanıram ki, haqq öz yerini tutacaq”.

Zaira Akifqızı
Globalinfo.az