“BDU rektorunun dedikləri həm ağlamalıdır, həm gülməli” – Ekspert

“Elçin Babayevin çıxışı zamanı dediyi sözlər status şəklində paylaşılır. Həqiqətən də, dediyi söz həm gülməli, həm də ağlamalıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev BDU-nun rektoru E.Babayevin “Biz zəif deyilik, dünya universitetləri sürətlə inkişaf edir” cümləsini şərh edərkən deyib.O bildirib ki, beynəlxalq reytinq cədvəlində Azərbaycan universitetləri demək olar ki, 500-600-cü yerdədirlər:

“Ordan o tərəfə yer yoxdur. Təəssüf ki, Bakı Dövlət Universiteti (BDU) bu sıralardadır. Sadəcə, BDU-nun reytinq cədvəlində hər hansı yerdə ola bilməsinə səbəb orada ötən illərdən qalan professorlardır. Bundan başqa BDU-nun beynəlxalq dərəcədə hansısa nailiyyət və ya fəaliyyətini görməmişik. Əgər beynəlxalq jurnallarda bizim nəşrlərimiz azdırsa, yarışlara qatılmırıqsa və ya qatılıb yer tuta bilmiriksə, ölkədə də yer tutmağın bir əhəmiyyəti qalmır.

Diqqət etsək görərik ki, köklü universitetlərimizin ürəkaçan fəaliyyəti yoxdur. Universitet kimi yalnız eyni ixtisaslar, təkrarlanan sistemlərdir. İnkişafa gəlib çatdıqda isə deyirlər ki, “Biz zəif deyilik, sadəcə, dünya universitetləri sürətlə inkişaf edib”.

Eyni anda necə 2 diplom almaq olar?

A.Vəliyev deyib ki, dünya universitetlərinin sürətlə inkişaf etməsinin başlıca səbəbi gənc kadrları öz universitetlərinə dəvət edərək onların potensiallarından istifadə etmələri, tələbələr üçün yeni və müasir avadanlıqlardan istifadə edə bilmələri üçün müəyyən imkanlar yaratmalarıdır:

“Hətta həmin tələbələrdən bir neçəsinə bakalavr pilləsindən sonra xaricdə magistratura və doktorantura təhsili alması üçün təkliflər edirlər ki, onlar da ölkəyə qayıdıb universitetlərdə tələbələrə öz sahələri üzrə dərs desinlər.

Bu dediklərimin heç biri Azərbaycan universitetlərində demək olar ki, yoxdur. Bizim universitetlərimiz nə Azərbaycan, nə də dünya əmək bazarına heç bir tələbə hazırlamır. Sadəcə, büdcənin idarə olunmasına, maliyyə problemlərinə baxır. Təəssüf ki, bəziləri üçün başqa heç nə önəmli deyil. Əgər inkişaf etmək istəyiriksə, dünya universitetlərinin sürətlə inkişafına baxmalı yox, addımlar atmalıyıq.
İkili diplom proqramları var. Müəllimlərimizi ora yönəldək, heç olmasa bir illik praktika, dərs keçsinlər, tələbə kimi nələrsə öyrənsinlər və gəlib bizlərlə bölüşsünlər. Bu imkanları öz vətəndaşlarımız üçün yaratmırıqsa, “Biz zəif deyilik, dünya universitetləri sürətlə inkişaf edir” deməklə yaxamızı qurtara bilmərik”.

Zaira Akifqızı
Globalinfo.az