Bayramovu Pakistana aparan mühüm səbəb: Yeni dəhliz…

“Azərbaycan-Pakistan münasibətlərinin tarixi kökləri olduğu kimi yüksək perspektiv vəd edən gələcəyi də var. Ən əsası hər iki ölkənin ictimai rəyi qarşılıqlı münasibətlərin inkişafına zəmin yaradır”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib ki, Pakistan nüvə dövlətidir və geosiyasi proseslərin, hələlik qeyri-müəyyən və mürəkkəb konfiqurasiyasında mühüm strateji mövqeyə malikdir:

“Ərəb dənizinə çıxış imkanı bu ölkənin limanlarını həm Şimal-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üçün cazibədar edir. Pakistanın Çin, İran, Hindistan, Türkmənistan, Tacikistan və Özbəkistanla quru sərhədinin olması bu ölkənin nəqliyyat infrastrukturunun inkişafı və ölkə ərazisinin nəqliyyat habına çevrilməsi üçün geniş imkanlar yaradır.

Coğrafi mövqeyi və bölgədə oynadığı tənzimləyici rol, Qərbi və Mərkəzi Asiyada gerçəkləşməsi nəzərdə tutulan layihələrin Pakistanın aktiv iştirakı ilə həyata keçirilməsini zəruri edir. Bəlli olduğu kimi, İran İslam Respublikasının mərhum Prezidenti İbrahim Rəisinin ölkəmizə səfəri zamanı Gülüstan əyalətinin Türkmənistanla sərhəddə yerləşən ərazisindən Şərqi Zəngəzura, Ağbənd stansiyasına qədər multimodal nəqliyyat xəttinin inkişafı ilə bağlı fikirlər səsləndirilmişdi.

Tacikistan prezidentinin ölkəmizə səfəri zamanı da bu ölkənin “Orta dəhliz”dən istifadəsinin gücləndirilməsi ilə bağlı açıqlamaların şahidi olduq. İndi sadəcə Pakistanın və onunla həmsərhəd ölkələrin coğrafi mövqeyinə nəzər salsaq, Azərbaycanın Mərkəzi, Qərbi, Şərqi və Cənubi Asiya istiqamətində yürütdüyü siyasətin mahiyyətini qismən də olsa müəyyənləşdirə bilərik”.

Politoloq deyib ki, Pakistan İranla və Ərəb dənizi vasitəsilə digər Qərbi Asiya ölkələri ilə həmsərhəddir:

“Pakistanla sərhəddə yerləşən Özbəkistan, Tacikistan və Türkmənistan Mərkəzi Asiya ölkələridir. Digər həmsərhəd ölkə – Çin, Şərqi Asiya dövlətidir. Pakistan Cənubi Asiya ölkəsidir və sözügedən regionun, münaqişədə olsalar belə, ən böyük dövləti olan Hindistanla qonşudur. Göründüyü kimi, Pakistanın Asiyanın əksər regionları ilə sərhədi var və bu coğrafi mövqe dost ölkənin ərazisinin, həm Şimal Cənub, həm Şimal-Qərb, həm də digər nəqliyyat dəhlizlərinin diversifikasiyası nəzərdə tutulan marşrutları üçün nə qədər önəmli bir mövqeyə sahib olduğunu göstərir.

Digər tərəfdən, hazırda bölgədə, əksər hallarda bəzi Qərb ölkələrinin ənənəvi təxribatlarının iştirakçısı olan qrupların hərəkətə gətirilməməsi üçün Pakistanla təhlükəsizlik məsələləri müstəvisində sıx əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanla Pakistan arasında müzakirə olunacaq məsələlərin siyahısının həddindən artıq geniş olduğunu düşünürəm və regionda yaranmış həssas durumu nəzərə alsaq, mövcud geosiyasi kopnfiqurasiyanın dəyişməsində və xarici maraqların müdaxiləsində maraqlı olmayan ölkələrin hazırda birgə səylər göstərmələrinin vacib olduğunu düşünürəm”.

Turan Rzayev
Globalinfo.az