Baxımsız vəziyyətdə olan 4 azyaşlı sığınacağa yerləşdirildi – FOTO

“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə bir ailədən 4 azyaşlı uşaq baxımsız, sosial təhlükəli vəziyyətdə qəbul edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ictimai birlik məlumat yayıb.

Bildirilib ki, uşaqların anası ağır mədə xərçəngindən əziyyət çəkir. Ailə ilk dəfə ziyarət olunan zaman ana və uşaqların heç birinin qeydiyyatının olmaması, azyaşlıların təhsildən yayınması və ananın ağır vəziyyətdə evdə müalicəsiz baxımsız şəraitdə qalması aşkarlanıb.

İctimai Birliyin müraciəti əsasında Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişi və dəstəyi ilə ana ağır vəziyyətdə ilkin olaraq M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Azyaşlıların reabilitasiyası “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində həyata keçiriləcək.