Başqırdıstan qarışdı: minlərlə insan ayağa qalxdı – VİDEO

Başqırdıstanda milli mənsubiyyətə görə nifrət salmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edilən yerli fəal Fail Alçinovun tərəfdarları etiraz aksiyası keçiriblər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, qərarın elan olunduğu Baymak Rayon Məhkəməsinin qarşısına toplaşan təxminən 3 min insan Alçinovun azad edilməsini tələb ediblər. Etirazçlılar “Azadlıq”, “Fail, biz səninləyik” şüarları səsləndiriblər.

Polis məhkəməyə gedən yolu bağlayıb və avtomobilləri buraxmayıb. Məhz bundan sonra etirazçılarla polis arasında toqquşmalar başlayıb.

Aksiya iştirakçılarından birinin verdiyi məlumata görə, polis gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib.

“Başinform” agentliyi saxlanılanların olduğunu yazıb.

Qeyd edək ki, Başqırdıstanın (Rusiya) Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli mənsubiyyətə görə nifrət salmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Rusiya mətbuatının məlumatına görə, Alçinov qafqazlılar, Orta Asiya sakinləri və ermənilər barəsində mənfi fikirlər səsləndirməkdə ittiham olunur.