Baş Prokurorluqla Hesablama Palatası memorandum imzaladı – FOTOLAR

Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokuror Kamran Əliyev, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Ombudsman Səbinə Əliyeva, ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirak ediblər.

Konfransda çıxış edən baş prokuror K.Əliyev bildirib ki, rəqəmsallaşma cəmiyyətin bütün sahələrində gedir: “Lakin cinayət proseslərində bu xüsusi sahədir və çox həssaslıq və dəqiqliklə bu prosesi həyata keçirməliyik. Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb”.

Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri F. Ələsgərov qeyd edib ki, ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir: “Hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb, çoxsaylı innovasiyalar uğurla tətbiq edilməkdədir”.

Daha sonra çıxış edən PA-nın Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri G.Kərimov vurğulayıb ki, vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: “Rəqəmsallaşma cinayət prosesinin inkişafı və tətbiqində də nəzərə alınmalıdır. Mövcud cinayət tətbiqi metodlarının rəqəmsallaşdılması ilə yanaşı yeni metodlar, müasir informasiya texnologiyalarından da istifadə olunmalıdır. Rəqəmsal cinayətkarlıqla mübarizədə əsas işlər Baş Prokurorluğun üzərinə düşür”.

Vəkillər Kollegiyasının sədri A.Bağırov isə söyləyib ki, artıq məhkəmələr tərəfindən dövlət hesabına vəkillərin ayrılması ilə bağlı təyinat qərarları onlayn qaydada insan faktoru olmadan müvafiq vəkil büroları arasında bölüşdürülür: “Hesab edirik ki, məhkəməyəqədər istintaq mərhələsində də ərazi üzrə vəkil qurumunda fəaliyyət göstərən vəkillərin siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi, onun həmin siyahıdan vəkil seçməsi, vəkilin dəvət olunması və s. məsələlər vahid elektron məkan üzərindən həll edilməlidir”.

Çıxışlardan sonra Baş Prokurorluqla Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

Sənədi baş prokuror Kamran Əliyev və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov imzalayıb.