zPFIzj98KPSfrroZnnUeVBAqHCW91jeEaJDWpVWQ 1200

“Müzakirəyə təqdim olunan Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi aqropark rezidentləri tərəfindən ölkəmizə cəlb edilən təcrübəli aqronomları, bağçılıq üzrə mütəxəssisləri və baytar həkimləri də iş icazəsi tələb olunmayan və müvəqqəti yaşama icazəsinin verilməsinə əsas yaradan kateqoriyalara daxil etməyi nəzərdə tutur. Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən beş illik qüvvədə olması təklif edilir.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, irəli sürülən layihə ərzaq məhsulları üzrə idxaldan asılılıqla bərabər, həm də peşəkar kənd təsərürfatı mütəxəssisləri ilə bağlı vəziyyəti aydın göstərir:

“Əgər aqronom, bağçılıq mütəxəssisi və baytar həkimə ehtiyacımız varsa, ötən on illər ərzində müvafiq ali təhsil müəssisələrinin hazırladığı kadr ehtiyatlarının sayı və keyfiyyətinə diqqət yönəldilməlidir. Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi sovetlər dövründə-1970–1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu hər il orta hesabla mindən çox ali təhsilli mütəxəssis yetişdirirdi. 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində 880 əyani və 269 qiyabi bakalavr məzunu olub. Son məlumatlara görə, 2024–2025-ci tədris ilində aqronomluq ixtisasını 84, baytarlıq təbabətini 76 nəfər bitirib. Rəqəmlər göstərir ki, kadr hazırlığı azalmır, lakin diplomlu mütəxəssisin təsərrüfata gedib çatmasındakı qırılmanın səbəbləri xüsusi araşdırma tələb edir.

Kənd təsərrüfatı nazirinin 2026-cı ildə açıqlamasına görə, aqrar ixtisas məzunlarının öz sahəsində məşğulluq göstəricisi üç ildə 32 faizdən 65 faizə yüksəlib. Onda kəndlərdə və aqroparklarda işəgötürənlərin ehtiyacları nə üçün ödənmir? İqtisadi sistemlə ali təhsil müəssisələri əlaqələnmədiyi üçün universitetin yetirməsi aqrar təsərrüfatlarda sərbəst işləməyə bilmir.

Rəsmi statistikaya görə, ölkəmizdə 2023-cü ildə 3 min 228 istixana fəaliyyət göstərirdisə, 2024-cü ildə onların sayı 3 min 37-yə, 2025-ci ildə isə 2 min 995-ə düşüb. İstixana pomidorunun istehsalı da 2023-cü ildəki 268,9 min tondan 2025-ci ildə 156,8 min tona enib. Lakin azalmanı aqronom çatışmazlığı ilə izah etmək olmaz. Təbii qazın qiyməti, istehsalın maya dəyəri və xarici bazarda aşağı satış qiymətləri yerli şirkətlərin rəqabət qabiliyətinə təsir edir. Xaricdən aqronom gətirməklə ziyanla işləyən istixananın bütün problemləri həll olunmayacaq.

Təkcə Rusiya 2024-cü ildə 1 milyon 717 min tondan çox tərəvəz, o cümlədən 479,4 min ton pomidor idxal edib. Eyni ildə Azərbaycan onun 141,9 min tonunu təmin edib. 2025-ci ildə isə ölkəmizdən Rusiyaya 166,1 min ton pomidor və 141,9 min tona yaxın xurma göndərilib. Göründüyü kimi, uzun on illər boyu istər aqronom, istərsə də baytarlıq sahəsində böyük ənənələri olan bir ölkədə xaricdən asılılıq emal müəssisələrinin də bölgələrdə sayının azalmasına, nəticədə konsentrant məhsulların süfrəmizdə artmasına səbəb olur. Süni intellekt, yaxud data mütəxxəsislərini kənardan gətirmək başa düşülür, lakin respublikamızın vaxtilə keçmiş sovet məkanına kadr ixrac etdiyini nəzərə aldıqda itkilərimizi yenidən qiymətləndirməliyik”.

Deputat qeyd edib ki, baytarlıq sahəsində problem daha həssasdır:

“Universitetin 2023–2024-cü tədris ilində 76 baytarlıq məzunu olduğu halda, 2025-ci ildə ölkə üzrə vacib ixtisasa dövlət sifarişi ilə 313 tələbə qəbul edilib. Lakin gənclərin neçə faizinin aqrar sektorda işlədiyini göstərən dəqiq statistika açıq mənbələrdə yoxdur. Əksər təsərrüfatlar Türkiyə və İrandan mütəxəssis cəlb edir. Onların böyük bir hissəsi orta peşə təhsillidir, amma təcrübəli olduqları üçün yerli rəqabətdə üstünlük qazanırlar.

Ona görə də təklif edirik ki, qanunvericilikdə xaricdən cəlb edilən mütəxəssislərin peşə təcrübəsini müəyyənləşdirən şəffaf meyarlar təsbit olunsun, xüsusilə baytarlıq sahəsində təhsil və peşə səriştəsinin yoxlanılması təmin edilsin. Aqroparklar güzəştdən yararlandıqları müddətdə yerli aqronom, bağçılıq mütəxəssisi və baytarlar üçün ödənişli təcrübə və mentorluq proqramları həyata keçirsinlər. Dövlət Aqrar Universiteti, Lənkəran və digər ali məktəblərlə istehsalat müəssisələrinin birgə tədris təsərrüfatları qurulsun; bölgələrdə işləyən gənc baytarlara və aqronomlara maaş əlavəsi və davamlı peşə təhsili üzrə hədəfli dəstək mexanizmləri nəzərdən keçirilsin.

2027–2032-ci illəri əhatə edən güzəştin nəticəsi neçə əcnəbinin icazə alması ilə ölçülməməlidir, daha çox hansı sayda yerli mütəxəssisin öyrədildiyi, ixtisası üzrə işə düzəldiyi və neçə təsərrüfatın məhsuldarlığını artırdığı ilə müəyyənləşməlidir.

Ən əsası, 2016–2026-cı illərdə hər üç ixtisas üzrə qəbul, məzun, işə düzəlmə və regionlarda çalışan mütəxəssislərin sayı vahid açıq hesabatda göstərilsin. Xarici biliyi ölkəyə gətirməyə etiraz etmirik, lakin əcnəbi aqronomun və baytarın təcrübəsini yerli mütəxəssisin bacarığına çevirmək əsas hədəfimiz olmalıdır.

Miqrasiya siyasətinin uğuru ölkəmizin nə qədər insan kapitalı qazandığı, vətəndaşlarının hüquqlarını qoruduğu və iqtisadi inkişafına hansı töhfəni verdiyi ilə ölçülməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: