metroavtobus 1

Xəbər verdiyimiz kimi, TəhsilPlus kartı olan təhsil işçiləri noyabrın 2-dən 30-dək həftəiçi hər gün metro və avtobuslarda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Kampaniya bazar ertəsindən cüməyədək qüvvədədir. Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur, ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanır. TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10 faiz bonus verilir. Bu təşəbbüs müxtəlif peşə və sosial qruplar üçün oxşar güzəştlərin tətbiqi məsələsini də gündəmə gətirib. 

Təhsil işçiləri üçün tətbiq olunan bu cür güzəştlərin gələcəkdə mütəmadi xarakter alması mümkündürmü? Oxşar kampaniyaların digər peşə və sosial qruplara, məsələn, tələbələrə, pensiyaçılara, tibb işçilərinə və dövlət qulluqçularına da şamil edilməsi nəzərdə tutula bilərmi?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, tətbiq olunan güzəşt müsbət təşəbbüsdür:

“Belə güzəştlər birdəfəlik kampaniya kimi qalmamalı, imkan daxilində davamlı xarakter almalıdır. Çünki ictimai nəqliyyat xərcləri əhalinin gündəlik büdcəsində müəyyən yer tutur və bu istiqamətdə tətbiq olunan hər bir güzəşt insanların sosial yükünün azalmasına xidmət edir”.

İqtisadçı bildirib ki, bu yanaşmanın digər peşə və sosial qruplara da şamil edilməsi məqsədəuyğundur:

“Xüsusilə tələbələr, pensiyaçılar, tibb işçiləri, dövlət qulluqçuları üçün oxşar bonus və güzəşt mexanizmləri nəzərdən keçirilə bilər. Burada əsas məsələ güzəştlərin hansı prinsiplərlə və hansı maliyyə mənbələri hesabına təmin olunmasıdır. Əgər bu mexanizm iqtisadi baxımdan əsaslandırılarsa və nəqliyyat operatorları üçün əlavə maliyyə yükü yaratmadan həyata keçirilərsə, daha geniş sosial qrupları əhatə edəcək. Fikrimcə, gələcəkdə ictimai nəqliyyatda sosial həssaslıq və peşə mənsubiyyəti nəzərə alınmaqla diferensial güzəşt sisteminin yaradılması müzakirə olunmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: