Barəsində “işə çıxmır” xəbəri yayılan icra başçısı danışdı: “Yoxlama gedir” – ÖZƏL

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov barəsində mediada vaxtaşırı müxtəlif məlumatlar yayılır. Jurnalistlər onu tez-tez “həbs” etdirir, yaxud, “işdən çıxartdırır”.

Bu günlərdə yenə saytlarda S.Mikayılov haqda oxşar xəbərlər paylaşılıb. Xəbərdə deyilir ki, Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar başlayıb, başçı neçə gündür işə çıxmır.

Globalinfo.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Süleyman Mikayılovla əlaqə saxlayıb. Başçı saytımıza deyib ki, bir müddət məzuniyyətdə olub:

“Hər kəs kimi mənim də müayinəyə, müalicəyə ehtiyacım olur. Bir az müalicə aldım, amma məzuniyyətdə olduğum müddətdə işə çıxırdım”.

Globalinfo əməkdaşının “hazırda hardasınız” sualına icra başçısı belə cavab verib:

“Bu gün 20 Yanvardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ziyarətə getmişdik, hazırda yoldayam, işə qayıdıram”.

Yoxlama məsələsinə münasibət bildirən Süleyman Mikayılov bunları deyib:

“İcra hakimiyyəti strukturunda Mənzil Kommunal Təsərrüfat Birliyi adlı qurum var. Bu qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Hər il şəhər icra hakimiyyəti qrafiklə orada yoxlama aparır, audit keçirilir. Görünür, yoxlama deyərkən bunu nəzərdə tutublar”.

Azər
Globalinfo.az