Kredit manat bank 900x603 1

“Əgər vətəndaşın müflis olmuş bankda krediti varsa, o, kredit ödənişlərini bankın ləğvedicisinə və ya həmin prosesi həyata keçirən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna etməlidir”.

Bu sözləri Globalinfo.az-a deputat, iqtisadçı Vüqar Bayramov vətəndaşların ləğv edilmiş banklara olan kredit öhdəlikləri haqda danışarkən deyib.

O bildirib ki, bankın ləğv edilməsi və ya müflis elan olunması vətəndaşın kredit və digər maliyyə öhdəliklərini aradan qaldırmır:

“Bankın ləğvi kredit müqaviləsinin şərtlərinin avtomatik dəyişdirilməsi demək deyil. Kredit şərtləri yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yenidən nəzərdən keçirilə və dəyişdirilə bilər. Belə razılıq əldə olunmadıqda isə kredit əvvəl bağlanmış müqavilənin şərtlərinə uyğun şəkildə ödənilməlidir”.

Deputatın sözlərinə görə, vətəndaş kredit ödənişlərini dayandırarsa və ya öhdəliyini yerinə yetirməzsə, bu zaman gecikmiş borc yaranır və ləğvedici və ya Azərbaycan Əmanətlərin Sığortalanması Fondu qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər:

“Bununla yanaşı, borcalan kredit şərtlərinin yüngülləşdirilməsi üçün müraciət etmək hüququna malikdir. Əgər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu müraciəti əsaslı hesab edərsə, kreditin ödəniş qrafiki, müddəti və ya digər şərtləri yenidən nəzərdən keçirilə və borcalana daha əlverişli şərtlərlə yeni müqavilə təklif oluna bilər. Əks halda isə kredit ilkin müqavilənin şərtlərinə uyğun olaraq tam şəkildə geri qaytarılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: