Bakının üç mərkəzdən 7 fevral tələbi – Seçkilərə kənar müdaxilə olmaması üçün mexanizm

“Prezident seçkilərinin 2024-cü il 7 fevral tarixinə salınmasında əsasən sabitlik və təhlükəsizlik ön plana çıxarılıb. Ehtimal olunur ki, gələcəkdə bölgədə geosiyasi vəziyyətin gərginləşməsi gözlənilir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Turab Rzayev Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə ABŞ-ın təsiri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri gərginləşə bilər:

“Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması istənilə bilər. Bundan başqa, Rusiya və Ermənistanın münasibətinin pozulması bölgədə hərbi əməliyyatların başlamasına, ikinci Ukrayna ssenarisinin təkrarlanmasına səbəb ola bilər və ya bölgəni vətəndaş müharibəsi bürüyə bilər. Cənubi Qafqazda Rusiya-ABŞ qarşıdurmasının şiddətlənməsi mümkündür. Ona görə də, nə qədər ki, bölgədə sabitlikdir, hələ ki, xüsusi siyasi gərginlik yoxdur, böyük ehtimal prezident seçkilərini keçirib, ölkədaxili sabitlik yaratmağa cəhd olunur”.

Politoloq deyib ki, ABŞ-la məsləhətləşib, dəqiqləşdirmələr aparılıbmı, yaxud, ABŞ-dan dəstək istənilibmi, məlum deyil:

“ABŞ-dan hər hansı dəstək tələb oluna bilər. Ümumiyyətlə, qlobal güclərin, yəni ABŞ, Rusiya, Avropa İttifaqı (Aİ) və s. kimi mərkəzlərdən seçkilər ərəfəsində aktivləşməsi müşahidə olunur. Ola bilsin, bununla bağlı ABŞ-dan aktivlik göstərməmək tələb edilsin. Seçki ərəfəsində Azərbaycana qarşı təzyiq göstərmə və ya hər hansı cəhdlər olacaqmı, bunu həmin ərəfədə dəyərləndirə biləcəyik. İstənilən halda, Azərbaycan hakimiyyəti həm ABŞ-dan, həm Rusiyadan, həm Aİ-dən və digər güclərdən seçkilərə müdaxilə etməmək, və ya hansısa şəkildə mövcud hakimiyyətə dəstək verməyi tələb edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az