Bakının tıxac problemini həll etməyin yolu budur – Ekspert

Paytaxt Bakının ən böyük problemlərindən olan tıxac məsələsi görülən müxtəlif tədbirlərə baxmayaraq, hələ də həllini tapmır. Xüsusən pik saatlarda paytaxtın əsas yollarında yaranan tıxaclar zaman-zaman insanlar arasında gərginliyə də səbəb olur.

Bəs Bakının tıxac problemini hansı yolla həll etmək mümkündür?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, tıxacın aradan qaldırılması üçün ictimai nəqliyyat inkişaf etməlidir:

“Belə olan halda insanlar şəxsi avtomobillərinə yox, ictimai nəqliyyata üstünlük verəcəklər. Bunun üçün də şərait yaradılmalıdır. İndiki halda ictimai nəqliyyatın imkanları məhduddur. Məsələn, avtobusların sayı kifayət qədər deyil. Digər tərəfdən də metro şəbəkəsi inkişaf etmir. Buna görə də insanlar məcbur qalıb şəxsi avtomobilə və taksilərə üz tuturlar, lakin bu variant effektiv deyil.

İctimai nəqliyyat inkişaf etsə, geniş imkanlar yaradılsa, o zaman biz vəziyyətdən çıxış yolunu tapa bilərik. Bu gün ictimai nəqliyyatın ən vacib növlərindən biri insanların gündəlik istifadə etdiyi avtobuslardır. Bunlar da say etibarilə yetərli deyil. Avtobusların pik saatda xətdə olmaması da böyük fəsadlara gətirib çıxarır”.

Bundan başqa, metrostansiyaların sayı Bakı əhalisinin sayına nisbətdə xeyli azdır. O baxımdan da bu istiqamətdə ciddi şəkildə düşünmək və çıxış yolları tapmaq lazımdır. Bu işlər planlı şəkildə görülsə, effekti olacaq”.

Zaira Akifqızı
Globalinfo.az