Təyyarə qəzası: Rusiya Azərbaycanla bağlı 4 maddəni silir?

qeza 524

Azərbaycanla Rusiya arasında davam edən gərginliyin 2022-ci ildə imzalanmış Moskva Bəyannaməsinə də təsir edəcəyi iddia olunur. Bildirilir ki, Rusiya AZAL-a məxsus təyyarənin vurulmasından sonra sərgilədiyi davranışla Bəyannaməni kobud şəkildə pozur.

Moskva Bəyannaməsi ləğv edilə bilərmi? Məsələ beynəlxalq hüquqla necə tənzimlənir?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, rəsmi Bakı Çikaqo konvensiyasının tələblərinə uyğun olaraq Moskvadan cavab gözləyir:

“Tələblərin yerinə yetirilməməsi bir yana, rus mətbuatında bəzi şəxslərin anti-Azərbaycan mövqeyi, yalan məlumatların tirajlanması müşahidə edilir. Gərginliyin səngiyəcəyi və ya artacağı bilinmir. O ki qaldı Moskva Bəyannaməsinə, hazırkı davranışlar sazişə ziddir. Həmin bəyannamənin 7, 11, 17, 21-ci maddələri də bunu istisna edir. Sənəddə qeyd edilir ki, tərəflər öz fəaliyyətləri zamanı strateji tərəfdaşlığa və müttəfiqliyə zidd fəaliyyətdən çəkinməlidir”.

X%C9%99yal B%C9%99sirov

Xəyal Bəşirov

Ekspert bildirib ki, tərəflər beynəlxalq öhdəliklərə hörmət etməlidir:

“Fikrimcə, bəyannamənin pozulmaması üçün rəsmi Moskva öhdəliklərə əməl etməlidir. Əks təqdirdə, saziş kağız üzərində qalacaq”.

Qeyd edək ki, 2022-cil fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Turan Rzayev
Globalinfo.az