Prezident İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatla çıxış edib. Bəyanatda bildirilir: “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir”.
Ölkə başçısı deyib ki, kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. “BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq” prezident deyib.
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Azərbaycan Pakistanın strateji müttəfiqidir:
“İki ölkə bir çox sahədə əməkdaşlıq edir. Ən önəmlisi hərbi, siyasi, diplomatik sahədə ortaq hərəkət edir.
Strateji müttəfiqlər bütün məsələlərdə bir-birinə dəstək verməlidir. Necə ki, Pakistan Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verib rəsmi Bakı da eyni dəstəyi verir. Bu mənada prezidentin Cəmmu və Kəşmir məsələsində dediklərində təəccüblü heç nə yoxdur.
Rəsmi Bakının münaqişələrə baxışı bəlli və dəyişməzdir. Azərbaycan bütün münaqişələrin həllində beynəlxalq hüququn norma prinsiplərindən yanadır. Bundan başqa problemlərin dinc yolla həllini dəstəkləyir.
Bununla belə prinsipial məsələlərdə Pakistan və Azərbaycanın mövqeləri üst-üstə düşür”.
Turan Rzayev
Globalinfo.az