Bakıdan Parisə verilən sərrast cavab: Müstəmləkəçilik belə bitəcək!

“Fransa qitə xaricində müstəmləkəsi olan nadir ölkələrdəndir. Bu ölkə dünyada demokratik dəyərlərin beşiyi hesab edilsə də reallıq ondan ibarətdir ki, islamafobiya neokolonializm, antisemitizm kimi neqativ idealların tüğyan etdiyi bir ölkədir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin yerli televiziya kanalına verdiyi müsahibə zamanı Fransa haqda fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Fransa ilə heç bir xüsusi problemi yoxdur:

“Rəsmi Bakı hər zaman Parislə dost və tərəfdaş olub. Lakin Fransanın Ermənistanı açıq şəkildə dəstəkləməsi münasibətləri pozan başlıca səbəbdir. Xüsusilə lokal antiterror əməliyyatları öncəsi Parisin separatçı “liderlərə” dövlət televiziyasında çıxış etmək imkanı tanıması, fransalı merlərin Qarabağa qanunsuz səfər etməsi, habelə humanitar yardım şousuna bu ölkənin dəstək verməsi münasibətləri hazırkı etapa gətirib çıxartdı.

Qabil Hüseynli

Fransa bu gün Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanımır. Düzdür, rəsmi yazışmalarda bu belə olsa da atılan addımlar bunun əksini göstərir. Lakin Fransanın unutduğu məqam Azərbaycanın bir zamanlar müstəmləkəsi olan Qərbi Afrika ölkələrindən olmamasıdır. Azərbaycan bütün resursları ilə Fransaya cavab verir”.

Q.Hüseynli bir məqamı vurğuladı:

“Bir müddət öncə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi peşəkar əməliyyat nəticəsində Fransa agentura şəbəkəsi çökdü. Bir sıra agentlər saxlanıldı. Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibədə Fransa ilə bağlı dedikləri bir daha onu deməyə əsas verir ki, Azərbaycanla diktə dilində danışmaq əbəsdir.

Azərbaycan bu gün fransız neokolonializminin ifşa olunması sahəsində aparıcı iş görən ölkədir. Yeni Kaledoniya, Mayort adası, Korsika təmsilçiləri haqq səsini Bakı vasitəsilə duyura bilir. Azərbaycan xalqların öz müqəddəratını təyin etməsinə hörmətlə yanaşır. Fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləməklə rəsmi Bakı həm də Parisə adekvat cavab verir. Hesab edirəm, Fransa destruktiv siyasətini davam etdirsə, atılan addımlar da daha ciddi olacaq”.

Turan Rzayev
Globalinfo.az