irevan baki 900x496 2

“AzerTelecom2” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.

Bu əməkdaşlıq tərəflərdən hansına daha çox üstünlük qazandıracaq? Sözügedən razılaşma iki ölkə arasında iqtisadi və kommunikasiya əlaqələrinin genişlənməsinə təkan verə bilərmi? İnternet tranzitindən sonra əməkdaşlığın növbəti mərhələdə hansı sahələri əhatə edəcəyi gözlənilir?

Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın formalaşmasına real töhfə verir:

“Artıq Azərbaycan mənşəli yanacaq məhsulları Ermənistana ixrac olunur. 2025-ci ilin sonlarından iki ölkə arasında yanacaq ticarəti sahəsində əməkdaşlıq formalaşmağa başlayıb, bu, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı baxımından mühüm addımdır. Bununla yanaşı, Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərlə bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması da regional iqtisadi inteqrasiyanı təşviq edən mühüm qərarlardan biridir. Eyni zamanda əldə olunan son razılaşmaya əsasən, Ermənistana internet tranzitinin Azərbaycan üzərindən həyata keçirilməsi nəzərdə tutulur. Bu isə regionda qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlığın yeni mərhələyə keçməsinə xidmət edən mühüm addımdır.

vuqar bayramov 900x506 2

Vüqar Bayramov

Bütövlükdə bu, Qafqazda dayanıqlı sülhün formalaşmasına Azərbaycanın xüsusi dəstəyi kimi xarakterizə olunmalıdır. Təbii ki, Ermənistan da internet tranziti də daxil olmaqla müxtəlif xidmətlərin təminatını və tədarük marşrutlarını diversifikasiya etməyə çalışır. Bu baxımdan Azərbaycanla əməkdaşlığın genişlənməsi artıq praktik müstəvidə özünü göstərməyə başlayıb”.

Deputatın sözlərinə görə, bu cür razılaşmalar Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirir:

“Son anlaşmalar bir daha göstərir ki, Azərbaycanın təşəbbüsü ilə formalaşan regional əməkdaşlıq modeli Cənubi Qafqaz ölkələri üçün yeni iqtisadi və nəqliyyat perspektivləri yaradır. Əgər Ermənistan Konstitusiyasında sülh prosesinə mane olan müddəalar aradan qaldırılarsa və sülh müqaviləsi qısa müddətdə imzalanarsa, bu, bütövlükdə regionda iqtisadi inkişafın sürətlənməsinə, investisiya imkanlarının genişlənməsinə və uzunmüddətli sabitliyin möhkəmlənməsinə əlavə töhfə verəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: