Paytaxtda mühüm konfrans keçirilir

Aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans işə başlayıb.

Globalinfo.az xəbər verir ki, tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun aktuallığından danışıb.

O bildirib ki, builki tədbir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur: “Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün yeniləşən və qüdrətlənən Azərbaycanda, ölkəmizin nüfuzunun artmasında görürük, dövlətimizin başçısı İlham Əliyevin son 20 ildə düşünülmüş və müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində görürük, Azərbaycan xalqının Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibəti məşhur kəlamın dili ilə ifadə etsək: “İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur”.

Bugünkü reallıqlar Ulu öndərin qələbəsidir, xilaskarlıq missiyasından şanlı zəfər yolundadır, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir.

Kapitulyasiya aktını imzalayan Ermənistan rəhbərləri və separatçı qalıqları hazırda ağa axtarışındadır, “gah nala vurur, gah mıxa” vururlar. Odur ki, 2023-cü il martın 18-də dövlətimizin başçısının müraciətindəki fikirləri xatırladıram: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, hansı ki, indi onlar ancaq bunu istəyirlər, rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var…”.

Aprelin 18-də isə Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə isə demişdir: “…onlar [separatçılar] ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar”. Erməni siyasətçilərə bu xəbərdarlığı yaddaşlarında həkk etmək heç də artıq olmaz.

Yaxın keçmişə müraciət etsək, görürük ki, riyakarlıq və ikiüzlülük, uydurma və saxtakarlıq hay-erməni siyasətinin aparıcı ana xətti olub.

Haylara məxsus olmayan armen / erməni etnonimini və Arminiya (Ermənistan) adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Armeniya, hətta uydurma “böyük Armeniya” mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı. Çar Rusiyasının 1827-ci ildə işğal və Qacar İranın ruslara güzəşt etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “Şərqi Armeniya” ərazisi elan olundu, hal bu ki, müqavilənin 16 maddəsindən heç birində bu toponim barədə tək kəlmə belə qeyd olunmamışdı.

İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan qəzasının Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta, bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qopartmasına gətirib çıxardı.

1918-ci ildə V.Lenin Naxçıvanın və Zəngəzurun daşnaklara verilməsi haqqında dekret imzaladı, yalnız N.Nərimanovun sovet rəhbərlərinə ünvanlandığı sərt tələbləri, bu torpaqlarda yaşayan əhalinin şiddətli etirazları və Türkiyənin qəti mövqeyi 1921-ci ildə Türkiyə və Sovet Rusiyası arasında yaradılmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektoratı altına verilməsi haqqında müqavilə ilə nəticələndi. Erməni iddialarının könlünü almaq üçün isə əvvəlcə Zəngəzur qəzası, 1922-ci ildə isə Göycə (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verildi. Bu azmış kimi, bir də 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq-Qarabağ Muxtar vilayəti yaradıldı.

Nədir Şərqi Armeniya?

Uydurma “Şərqi Armeniya” torpaqsız Sovet Armeniyasının məhz bu yolla Azərbaycan əraziləri hesabına yaradılmasıdır.

Əvvəlcə “Şərqi Armeniya” çar Rusiyasına birləşməsi adı altında Azərbaycan ərazilərində yaradılmış bu milli erməni yuvası mahiyyətcə ərazilərin hərbi işğalı ilə nəticələnən təcavüzkarlıq, Sovet dövründə isə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur. Uydurma “parçalanmış erməni torpaqları” tarixi İkinci Dünya müharibəsindən sonra aktuallaşdı, çünki, Sovet Rusiyasının Ərdahanı və Qarsı Türkiyəyə qaytarılmasını nəzərdə tutan və 1921-ci ildə imzalanan Türk-Sovet müqaviləsinə yenidən baxılmasını planlaşdıran Stalinin niyyətlərinə uyğun idi. Şükür, Stalinin niyyəti baş tutmadı, ancaq mövcud olmayan “Şərqi Armeniya” çərçivəsində tarixi Azərbaycan əraziləri haylar tərəfindən erməniləşdirildi, bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün qondarma hay-erməni çar sülalələri uyduruldu, “Şərqi Armeniyanın” Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin əsasnamələri təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı.

Bu gün də hay-erməni uydurma qədimliliyi erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüf deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur. XV əsrdə patriarx taxtının Eçmiyədzinə köçürülməsindən sonra (Eçmiədzində patriarxat yeparxiyasız fəaliyyət göstərirdi, çün ki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin “Eçmiyədzin dövrü” adlandırdılar.

Bundan başqa onlar müxtəlif siyasi və elmi dairələrdə belə bir fikir yaymağa başladı ki, “Qərbi Ermənistan” hələ də Türkiyənin tərkibində qalıb.

Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir? Armenistlərin yazı ənənəsini qoyan “erməni tarixinin atası” M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı “Патмутюн Хайоц” (“Hayların tarixi”), “İncili” təftiş, “Xalqlar cədvəli”nə Hayk, Armenak və s. fantomları daxil edərək, hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq, hətta Torqom (Toqarma) əcdadlarına (türk soy-kökü) çevirərək, 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə A.Şirakatsi öz “Aşxaratsuyts”unda (“Coğrafiya”) yenə də anonim deyil, müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə “Armeniya”ların sayı 35-ə çatıb.

Bəs neçə dənə “Armeniya” adlı dövlət mövcud idi? Bugünkü dövlətləri istisna olmaqla, heç bir dənə. Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Armeniya tarixi“ni yox, Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji Hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.

Erməni siyasətinin əsas dəstxəti mifologiyadır. Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.