Bakıda güclü partlayış: ölən və yaralananlar var – VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayışın ilkin səbəbini açıqlayıb.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən dağıntı altından bir nəfərin cəsədi çıxarılıb, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Partlayış nəticəsində ölən və yaralananların kimliyi bəlli olub. “Report”un məlumatına görə, Rüstəmli Orxan Aslan oğlu hadisə nəticəsində həlak olub.

1984-cü il təvəllüdlü Nuriyeva Gülnarə Şahmar qızı və 2010-cu il təvəllüdlü Ağayev K.İ. müxtəlif dərəcəli xəsarətlər alıb.