Separatizm ocaqlarını körükləyən Fransanın Bakıdakı təhsil ocaqları bağlanacaq? – Deputatdan cavab

Parisin Azərbaycana qarşı tutduğu ədalətsiz və qərəzli mövqe fonunda Fransa ilə mədəni-humanitar əlaqələrimiz hələ də davam edir. Hətta Bakı şəhərində həm Fransa məktəbi, həm də universiteti fəaliyyət göstərir. Bu, olduqca maraqlı, bir qədər də ziddiyyətli məqamdır. Həmin təhsil ocaqlarının bağlanması mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, doğrudan da Fransa-Azərbaycan münasibətləri kritik bir dövr yaşayır və bu vəziyyətin formalaşmasına görə bütün məsuliyyət Fransa rəhbəri Emmanuel Makronun üzərinə düşür.

Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsinə qədər də, müharibənin gedişatında da, ondan sonraki proseslərdə də Fransa Azərbaycana qarşı qərəzli mövqedə dayanıb:

“Azərbaycan prezidenti cənab İlham Əliyev də Fransa-Azərbaycan münasibətlərinə toxunarkən, Fransanın qərəzli, ermənipərəst mövqeyini çox kəskin şəkildə tənqid edib. Təbii ki, bütün bu reallıqlar fonunda da müxtəlif suallar yaranır. Xatırladım ki, Fransa Parlamentində Azərbaycanla dostluq üzrə işçi qrup fəaliyyət göstərirdi. Onlar fəaliyyətini dayandıran kimi, mənim özümün də təmsil olduğum Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini dayandırdı. Gələcəkdə bu məsələyə baxa bilərik”.

Elman Nəsirov

E.Nəsirov deyib ki, həqiqətən də cəmiyyətdə, sosial şəbəkələrdə rəsmi Parisin anti-Azərbaycan fonunda Azərbaycan-Fransa universitetinin fəaliyyət göstərməsi müzakirə edilir, hətta narazılıqlara səbəb olur:

“Mənə elə gəlir ki, məsələyə çox ciddi yanaşmalıyıq. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bizim erməni xalqı ilə heç bir problemimizin olmadığını bildirib. O, bu problemin Xocalı soyqrımını törədən separatçı rejim və Ermənistan rəhbərləri ilə olduğunu qeyd edib. Onları da cinayət məsuliyyətinə cəlb edirik. Eyni məntiqlə də Azərbaycanın Fransa dövləti, xalqı, ictimaiyyəti ilə problemi yoxdur. Fransa prezienti Makronun Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqeyi münasibətləri bu hıəddə çatdırıb. Makrondan əvvəlki prezidentlərin heç biri açıq şəkildə, hətta erməni dilində Azərbaycan əleyhinə fəaliyyət göstərməyib, ortaya anti-Azərbaycan mövqeyi qoymayıb. Burada fransız dilinin, mədəniyyətinin günahı yoxdur. Sabah Fransada hakimiyyət dəyişə bilər və bu da istisna deyil ki, Makronun nüfuzu son dərəcə aşağıdır. Bu amillər nəzərə alınmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az