Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. A.Koşta təyyarə qəzası ilə bağlı dövlət başçısı və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının (Aİ) bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Aİ arasında bir sıra layihələr, ittifaqa üzv ölkələrə qaz ixracı, enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirə aparılıb.
Aİ və Bakı arasındakı münasibətlərdə soyuqluğun müşahidə olunduğu bir zamanda bu zəng necə deyərləndirilməlidir? İttifaq yeni dönəm üçün Azərbaycanla əlaqələri yenidən nəzərdən keçirə bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, Avropa İttifaqının Azərbaycanla ikitərəfli əlaqələrin normallaşmasında maraqlı olduğu görünür:
“Antonio Koştanın şəxsən cənab Prezidentə zəng etməsi bunun əyani sübutu kimi qiymətləndirilə bilər. Həmçinin ölkə başçısı bir neçə gün öncə yerli televiziyalara müsahibəsində Qərblə yaxın müddətdə əlaqələrin “istiləşə” biləcəyinə dair mesajlar vermişdi. Fikrimcə, hər iki tərəf üçün ən yaxşı seçim məhz budur.

Elvin Baxşalızadə
Azərbaycan əhali sayı və iqtisadi baxımdan Cənubi Qafqazın ən böyük ölkəsidir. Neft-qaz məhsulları ixracatçısı olan ölkəmizin əsas tərəfdaşları da məhz Aİ-nin üzvləridir. Bu amil və Azərbaycanın bölgədəki əsas güc mərkəzi olması, iki tərəfi daim bir-birinə bağlı saxlayan ən mühüm məqamdır. Dünənki telefon danışığında da əsas müzakirə mövzularından biri Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsi olub. Bütün qeyd olunan məqamları nəzərə aldıqda, qarşıdakı aylarda Azərbaycanla Aİ arasında mövcud olan gərginliyin tədricən yumşalacağını gözləmək olar”.
Rövşən Rza
Globalinfo.az