Xəbər verdiyimiz kimi, bu il sentyabrın 1-dən etibarən Rusiya universitetlərində “bakalavr” və “magistr” dərəcələri ləğv ediləcək, baza və ixtisaslaşmış ali təhsillə əvəz olunacaq.
Azərbaycanda da bu istiqamətdə hansısa dəyişiklik mümkündürmü?
Globalinfo.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, bu gün dünyada müxtəlif təhsil modelləri tətbiq olunur:
Ceyhun Məmmədov
“Beynəlxalq sistemdə əsasən bakalavr, magistratura və doktorantura dərəcələri mövcuddur. Rusiya isə öz milli təhsil modelini formalaşdırmağa çalışır. Bu çərçivədə bakalavr və magistr dərəcələrini ləğv edərək onların əvəzinə fərqli bir sistem tətbiq etməyi planlaşdırır. Rusiya üçün bu addımı atmaq mümkündür, çünki ölkə özünü böyük ölçüdə beynəlxalq sistemdən təcrid edib. Azərbaycana gəldikdə isə belə bir dəyişikliyin həyata keçirilməsi nə asan, nə də qısa müddətdə mümkündür. Çünki gənclərimiz bakalavr təhsilini ölkədə alır, magistratura təhsilini isə əsasən xaricdə davam etdirirlər. Bu səbəbdən biz yalnız mərhələli və gələcəyə yönəlik addımlar ata bilərik.
Məsələn, ilk mərhələdə magistratura təhsilinin iki ildən bir ilə endirilməsi mümkündür. Bu, tələbələrin yükünü azaltmağa və təhsil prosesini daha səmərəli etməyə kömək edə bilər. Daha uzunmüddətli perspektivdə isə bakalavr təhsilinin üç ilə endirilməsi məsələsinə baxmaq və bu istiqamətdə addımlar atmaq mümkündür. Lakin bu dəyişikliklər vaxt tələb edir və tədricən həyata keçirilməlidir. Hesab edirəm ki, bu istiqamətdə atılan mərhələli addımlar ümumilikdə təhsil sisteminin inkişafına və prosesin sağlam şəkildə irəliləməsinə töhfə verə bilər”.
Təhsil eksperti Elçin Əfəndiyev qeyd edib ki, hazırda ölkəmizdə bakalavr təhsili baza ali təhsil, magistratura isə onun üzərində qurulan ali ixtisaslaşma pilləsi hesab olunur:
“Həm bakalavr, həm də magistr dərəcə kimi qəbul edilir. Rusiyada isə bakalavr pilləsinin ləğvi və onun əvəzinə baza, yaxud ixtisaslaşmış magistratura modelinə keçidlə bağlı müzakirələr aparılır. Bu, əsasən ad dəyişikliyi və ya struktur islahatları formasında təqdim olunur. Sözügedən yanaşma sovet dövründən qalma köhnə təhsil ənənələrinin davamıdır. Təəssüf ki, həmin ənənələrin izlərini bu gün də ölkəmizin ali təhsil sistemində görmək mümkündür. Dünya təhsil sisteminə uyğunlaşmaq zəruridir və bu istiqamətdə dövlət səviyyəsində müəyyən işlər görülür. Azərbaycanda bakalavr və magistrda təhsil müddətinin azaldılması məsələsi müzakirə olunur. Belə ki, laboratoriya şəraiti tələb etməyən bəzi ixtisaslar üzrə bakalavr təhsilinin dörd ildən üç ilə endirilməsi, magistratura pilləsində isə təhsil müddətinin iki ildən bir ilə salınması təklif edilir. Bu yanaşma müasir dövrün tələbləri ilə uzlaşır”.
Elçin Əfəndiyev
Ekspert bildirib ki, dünyanın əksər ölkələri artıq təhsil siyasətlərini yeni istiqamətdə formalaşdırır:
“Məsələn, Cənubi Koreyada qısa müddətli, təxminən altı aylıq ixtisaslaşmış kurslar vasitəsilə peşə yönümlü kadr hazırlığı həyata keçirilir. Bu prosesdə qeyri-ixtisas fənləri tədris olunmur, nəzəri və praktiki biliklər paralel şəkildə tətbiq edilir. Nəticədə Cənubi Koreya bu gün texnoloji avadanlıqların istehsalı və avtomobil sənayesi sahəsində dünyanın qabaqcıl ölkələrindən biri hesab olunur. Bu nümunə göstərir ki, ali təhsildə, xüsusilə bakalavr və magistratura pillələrində qeyri-ixtisas fənlərinin həcmi yenidən nəzərdən keçirilməlidir. Əgər bir şəxs müəyyən ixtisas üzrə ali təhsil alırsa, ona əsasən həmin sahəyə dair dərin və praktik biliklər verilməlidir. Bu baxımdan, qeyri-ixtisas fənləri hesabına artırılmış dərs yükü azaldılmalı, təhsil prosesi daha məqsədyönlü və səmərəli şəkildə tənzimlənməlidir”.
Ləman İmran
Globalinfo.az