“Bacılar”ın məkrli oyunu: Putin heç birini bağışlamayacaq – ŞƏRH

“Fransanın ən böyük məqsədi odur ki, Ermənistan KTMT-dən ayrılsın. Rəsmi Paris uzun müddətdir bunun gerçəkləşməsi üçün səylər göstərir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Tural İsmayılov Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Fransa Ermənistanın təkcə KTMT yox, Avrasiya təşkilatından da ayrılmasını istəyir:

“Ümumiyyətlə, başda Rusiya olmaqla bütün KTMT üzvlərinə bəllidir ki, Ermənistanı Qərb, xüsusilə də Fransa yoldan çıxarır. Lakin rəsmi Moskva da bu vəziyyətlə barışmayacaq. Fransa yaxşı bilir ki, Rusiya Ermənistanın nümayişkaranə şəkildə KTMT əleyhinə fəaliyyət həyata keçirməsinə, qurumu hər vəchlə tənqid etməsinə və erməni cəmiyyəti nəzdində alçaltmasına dözməyəcək.

Hesab edirəm, Fransa İrəvanın bu addımlar qarşısında Kremlin qəzəbinə tuş gələcəyini bilir, Ermənistanın gələcəyini düşünmür. Rəsmi Paris maksimum dərəcədə çalışır ki, Fransada erməni lobbisinin istəkləri yerinə yetsin və onlar növbəti seçkilərdə aktiv şəkildə iştirak etsinlər”.

T.İsmayılovun sözlərinə görə, Fransanı Ermənistan ilə Azərbaycan arasında baş tutacaq heç bir danışığa yaxın buraxmaq olmaz:

“Rəsmi Paris Ermənistan lehinə verdiyi qərarlarla, atdığı addımlarla faktiki olaraq öz tərəfsizliyini pozub. Buna görə də bu ölkənin danışıqlar prosesində iştirakı mümkün deyil.

Rusiya Fransanın nə etmək istədiyinin fərqindədir və bu hal belə davam edərsə, Moskva və Parisin münasibətləri pozula bilər. Onsuz da Ukrayna müharibəsi fonunda Fransanın Kiyevə verdiyi dəstək iki ölkənin münasibətlərini pisləşdirib. Ermənistana veriləcək dəstək Fransa-Rusiya münasibətlərini daha da pisləşdirəcək“.

Politoloq Zaur Məmmədovun sözlərinə görə isə, Paşinyanın son istəyi təşkilat tərəfindən sərhəddə yaşananlarla bağlı yekun bəyanatın verilməsi və KTMT-nin fors-major vəziyyətlərdə çevik reaksiya mexanizminin hazırlanması ilə bağlı qərarın qəbul edilməsi idi:

“Hər ikisi ilə bağlı yekun nəticəyə gəlinmədi. KTMT liderləri Paşinyanın “Azərbaycan ordusu 13-14 sentyabr tarixlərində irəlilədiyi ərazilərdən geri çəkilməlidir” tələbini rədd etdilər.

Bundan başqa, Sammitdə Lukaşenko növbəti dəfə Paşinyanı ciddi şəkildə tənqid edib, Ermənistanda ABŞ-ın biolaboratoriyasının  olmasına eyham vurub və İrəvanı Azərbaycan ilə sülh müqaviləsi imzalamağa çağırıb. Bu azmış kimi, o, Paşinyanın qonaqların şərəfinə verdiyi ziyafətə qatılmayaraq Qaqik Sarukyanın evinə qonaq gedib.

Beləcə, Ermənistan hakimiyyətinin İrəvan küçələrində hazırladığı mitinqlər də Nikolun imdadına çatmadı”.

Turan Rzayev
Globalinfo.az