“Azercell” Rusiya sülhməramlılarının təklifinə cavab verdi: Rəsmi açıqlama

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları təklif edirlər ki, “Azercell” onların olduğu ərazidə öz mobil mağazasını açsın və sülhməramlılar “Azercell”in sim kartını əldə edərək mobil şəbəkələrindən ödənişli şəkildə istifadə etsinlər.

Mövzu ilə bağlı Globalinfo.az-ın sorğusuna cavab olaraq “Azercell”dən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə keyfiyyətli mobil rabitə şəbəkəsinin təmin edilməsi və bu ərazilərdə yeni müştəri xidmətləri kanallarının açılması “Azercell” üçün prioritet hesab edilir:

“Qürur ilə bildiririk ki, şirkətimiz 44 günlük Vətən müharibəsində cəbhə boyu şanlı ordumuzun ardınca irəliləyərək Qarabağda ilk mobil infrastrukturu quraşdırıb. 2022-ci ilin avqust ayından başlayaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azercell” öz telekommunikasiya şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı layihələr həyata keçirir. Belə ki, həmin ərazilərdə 3 yeni baza stansiyasını təqdim edib, 60-a yaxın baza stansiyasında təkmilləşdirmə işləri aparıb”.

“Azercell”dən verilən məlumata görə, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mobil operatorun 90-dan çox baza stansiyası fəaliyyət göstərir: ““Azercell” Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların bir çox kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda “Azercell” 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir. Paralel olaraq, “Azercell” həmin ərazilərdə ətraf mühitin qorunması məqsədilə “yaşıl” texnologiyaları tətbiq edir və 2023-cü ilin sonunadək bu ərazilərdə günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istismara verməyi planlaşdırır.

Eyni zamanda, “Azercell” daima öz satış şəbəkəsini ölkə boyu planlı şəkildə genişləndirir, artıq Şuşada və Zəngilanda Eksklüziv ofislər fəaliyyət göstərir. Həmçinin şirkətimizin mobil müştəri xidmətləri də azad edilmiş ərazilərə dəfələrlə səfər edib və abunəçilərimizin istəyinə əsasən bütün müştəri əməliyyatlarını icra edib. Müraciətdə qeyd edilən ərazilərdə də yeni satış nöqtəsinin açılmasına gəldikdə isə, bunun mümkünlüyü “Azercell”in texniki və inzibati mərhələlərdən ibarət planına uyğun olaraq araşdırılacaq”.

Zaira Akifqızı

Globalinfo.az