Azərbaycanlıların Xankəndiyə yürüşü – İki şəhid verdik, məşhur qadın aksiyanı belə dayandırdı

Ermənilərin Xankəndidən Laçına yürüşə hazırlaşdıqları barədə məlumat yayılmışdı. Sonradan deyildi ki, aksiya təxirə düşüb.

Separatçıların bu addıma gedəcəkləri xəbərinin yayıldığı ərəfədə yada 35 il öncə baş verənlər düşür. 1988-ci ildə ermənilərin Qarabağ iddiaları yeni baş qaldıran günlərdə yerli əhalinin xeyli hissəsi Ağdamdan Xankəndiyə yürüş etdi. Azərbaycan bu konfliktdə ilk şəhidlərini həmin aksiyada verdi.

O zaman Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın yaylığını yerə ataraq insanların irəliləməsinin, onların həlak olmasının qarşısını aldığı deyilir. Amma Xuraman xanımın sonradan yürüşü dayandırdığı üçün tənqidlərə məruz qaldığı da yaddaşlardan silinməyib.

Əgər o yürüş dayanmasa idi, nəticə necə olardı?

Globalinfo.az 35 il öncə təşkil edilən aksiyanın iştiraçılarından olan Qarabağ qazisi, jurnalist Rey Kərimoğludan açıqlama alıb. O, həmin hadisələrlə bağlı xatirələrini bölüşüb.

Rəy Kərimoğlu

R.Kərimoğlu yürüşə Azərbaycanın bir çox bölgələrindən insanların qoşulduğunu bildirib:

“1988-ci ilin fevral ayında keçirilən yürüşdə mən də vardım. O zamanlar kənddə yaşadığım üçün baş verənlərdən gec xəbər tutmuşdum. Elə dərin informasiyam yox idi. Bu səbəblə yürüşün sonlarına çatdım. Əsgərana edilən yürüşə biz Ağdamda yerləşən komissarlığın yanında qoşulduq və bir az da irəlilədik. Mən olduğum yerdən Əsgərana təxminən 6-8 kilometr yol vardı. Həmin yolun sağı, solu insanla dolu idi. O zaman təkcə Ağdamdan deyil, Bərdə, Yevlax, Ağcabədi, Gəncə və digər rayonlardan da insanlar baş verənləri eşidib yürüşə qoşulmaq üçün gəlmişdilər.

Rəhmətlik Xuraman Abbasovanın yaylıq məsələsi də həmin vaxt yaşanmışdı. O zaman bu hadisə baş verməsəydi, nələrin yaşanacağı heç kimə məlum deyildi. Sadəcə versiyalar irəli sürmək olar. Çünki ərazidə sovet qoşunları hazır dayanmışdılar. Biz ilk şəhidləri orda verdik. Ağdam sakinləri Əli və Bəxtiyar həlak oldular. Bəlkə də, Xuraman xanımdan sonra yürüşə davam etsəydik, daha çox şəhidimiz olacaqdı”.

R.Kərimoğlu bu gün ən vacib məsələnin Ağdamdan Xankəndiyə yolun açılması olduğunu deyib:

“Bu gün isə torpaqlarımız işğaldan azad olunub. Allah şəhidlərimizə rəhmət etsin. Ermənilərin hazırkı vəziyyətdə atdığı hər addım, özlərinin zərərinə olacaq. Bu gün Ağdamdan Şuşaya, Xankəndiyə mütləq yol açılmalıdır, bu, çox vacib məsələdir. Düşünürəm ki, ermənilərə İrəvandan 19 maşın göndərilibsə, biz 30-40 maşın yardım göndərə bilərik. Həm dövlət, həm vətəndaşlar ərzaq yardımı etməyə hazırdır. Beləliklə, yardım Azərbaycandan çatdırılmış olar, onların da bəhanələrinə yer qalmaz. Qarabağ Azərbaycanın ərazisidir, oradakı separatçıları, əli qana batmış terrorçuları çıxsaq, yerdə qalan erməni sakinlər də Azərbaycan əhalisidir. Onlara ərzaq yardımı edə bilərik”.

Müsahibimiz maraqlı təklif verib:

“Təklif edirəm, bu məqsədlə üzərində Azərbaycan bayraqlarının olduğu, müvafiq qurumların müşayiəti ilə Əsgərana ərzaqla yüklənmiş maşın karvanı göndərək. Təbii ki, onlar ilk olaraq bizi buraxmaq istəməyəcəklər. Lakin biz də ölkəmizdəki səfirlik nümayəndələrini əraziyə dəvət edək. “Humanitar fəlakət”in yaşandığı deyilən Qarabağa yardımın göndərildiyini, amma onların qəbul etmək istəmədiklərini göstərək. Beləliklə, Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun açılması məsələsini aktullaşdırmış olarıq”.

Ayşən Mustafa
Globalinfo.az