Azərbaycanlı yazardan bugünkü finalla bağlı qeyri-adi TƏKLİF

“Qarabağ”ın fanklubuna və qarabağsevərlərin nəzərinə! Bu axşam Qətərdə keçirilən dünya çempionatının finalıdır.

Globalinfo.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı İlqar Rəsul qeyd edib.

“Deyilənə görə, çempionatdan sonra “Qatar 2022” stadionlarının bəziləri söküləcək. Əgər elədirsə, Qətər dövlətinə rəsmi müraciət edib ermənilərin Ağdamı nə günə qoyduqlarını, məscidləri, mədəniyyət ocaqlarını dağıtdıqlarını, stadionları söküb apardıqlarını yaxşıca, əsaslandırılmış şəkildə izah etmək olar. Və dünya çempionatından sonra Qətərdə sökülən stadionların birini Ağdam üçün yenidənqurmaya dəstək hədiyyəsi kimi istəmək mümkündür.

Stadionun adını da “Qatar 2022” qoymağı söz vermək olar onlara (gələcək nəsillər olanları bilsin və Qətərin bu addımı unudulmasın deyə).

Bəlkə, nəticəsi olar, olmasa da nə itiririk ki?! Əksinə, erməni vəhşiliyini bir dəfə də bu yolla dünyaya bəyan etmiş oluruq”, – İ.Rəsul bildirib.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri də onun bu təklifi dəstəkləyiblər.