Azərbaycanla yeni savaş bu döyüşlərə bənzəyəcək – Erməni ekspert həmin dağıdıcı əməliyyatı xatırlatdı

Azərbaycan 10 noyabr 2020-ci ildən sonra hər şeyi etdi ki, yeni müharibəyə hazır olsun.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Onun sözlərinə görə, tərəflər arasında baş tutacaq savaş sentyabr müharibəsinə (12-14 sentyabrda baş vermiş sərhəd toqquşması nəzərdə tutulur – red.) bənzər formada ola bilər.

“Mən hərbi fəaliyyətlər ehtimalını çox yüksək qiymətləndirirəm. Bu, təkcə Azərbaycanın hansı məqsədləri güdməsi ilə bağlı deyil, həm də Ermənistanın tam həcmli müqavimət göstərmək vəziyyətində olmaması ilə əlaqədardır. Nikol Paşinyan və komandası hər şeyi edib ki, Ermənistan müqavimət göstərmək vəziyyətində olmasın. 10 noyabrdan sonra itkilərin, zirehli texnikanın yerini doldurmaq, təcili olaraq ordunu bərpa etmək lazım idi. Bu iki ildə onlar daima hərbi təlim keçirib, silah almalı idilər, amma hər şey əksinə oldu. 5 ay bizim baş qərargah rəisimiz, 9 ay isə kəşfiyyat rəisimiz olmadı. Ordu bu gün dağılıb və hər şey edilir ki, Ermənistanın təhlükəsizliyini təmin edən orqanlar zəiflədilsin”, – Vrtanesyan bildirib.

Qeyd edək ki, bu ilin 12 sentyabrında Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribatlar törədib. Ordumuzun keçirdiyi cavab əməliyyatları nəticəsində qarşı tərəfə məxsus hərbi mövqelər, zirehli texnikalar məhv edilib. Döyüşlər zamanı Ermənistan ordusu 300-dən çox hərbi qulluqçusunu itirib. Erməni ekspertlər iki gün davam edən döyüşlərin Ermənistan üçün dağıdıcı olduğunu, ordunun ölkəni müdafiə edə bilməyəcəyini deyiblər.

İlkin
Globalinfo.az