Bakının Qarabağla bağlı yeni hədəfləri – İƏT prosesə qoşulur

“İqtisadi Əməkdaşlıq Təşkilatı ciddi əhəmiyyətə malikdir. Təşkilatın Nazirlər Şurasının 27-ci iclası isə xüsusilə diqqət çəkdi. Belə ki, iclas Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirildi”.

Bu sözləri Globalinfo.az-a politoloq Xəyal Bəşirov Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər Şurasının 27-ci iclası və bu tədbirin geopolitik, regional təsiri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu təşkilat çərçivəsindəki fəaliyyəti xarici siyasət baxımdan önəmlidir:

“Azərbaycan bütün təşkilatlarla olduğu kimi İƏT-lə də geniş əlaqələrə malikdir. İƏT regional təşkilat olsa da, əhəmiyyəti ildən-ilə artır. Bu baxımdan təşkilatın builki iclasının Şuşada baş tutması olduqca vacibdir.

44 günlük müharibədən sonra Azərbaycan işğaldan azad edilən ərazilərdə, habelə Şuşada bərpa prosesi aparır. Şuşada bir çox binalar təmir edilib. Təsadüfi deyil ki, Azərbaycan üçün mühüm görüşlər, habelə beynəlxalq təşkilatların tədbirləri məhz bu şəhərdə keçirilir.

Xəyal Bəşirov

Onsuz da beynəlxalq ictimaiyyət, təşkilatlar, onların təmsilçiləri işğaldan azad edilmiş ərazilərə tez-tez səfər edir. Rəsmi Bakı bu səfərlər zamanı erməni vəhşiliyi, vandallığının real mənzərəsini onların diqqətinə çatdırır. Bundan başqa, Azərbaycanın regionda gördüyü işlər də qonaqların diqqətinə çatdırılır.

Təbii ki, bütün bunlar ümumi məqamlardır. İƏT-lə əməkdaşlıq həm də o baxımdan vacibdir ki, rəsmi Bakı təşkilat vasitəsilə regiona investorlar böyük şirkətlərin cəlb edilməsinə çalışır. Bu həm bərpa prosesini sürətləndirə bilər, həm də həmin şirkətlərin, investorların qazanclı çıxmasına şərait yarada bilər.

Azərbaycan bu günə qədər bir çox yolları, körpüləri bərpa edib, yenilərini ərsəyə gətirib. Bundan başqa, daxili imkanlarla Qarabağda hava limanları, dəmiryolları salınıb. Prosesin bundan sonra da davam etməsi üçün yeni maliyyə imkanlarına, investisiyaya ehtiyac var. Məhz İƏT-lə əməkdaşlıq bu baxımdan vacibdir”.

Turan Rzayev
Globalinfo.az