“Azərbaycanın 5 maddəlik sülh təklifi Ermənistan tərəfindən qəbul edilib”

 

Son günlər həm Azərbaycanın mülki nazirliklərinin, həm də media mənsublarının Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı Azərbaycan torpaqlarına keçməsi onu deməyə əsas verir ki, rəsmi Bakı Xocalı, Xankəndi, Xocavənddə nəzarəti təmin etməkdə israrlıdır.

Bakının atdığı son strateji addımlar həm də onu deməyə əsas verir ki, Ermənistanla yekun sülh müqaviləsinin imzalanması prosesi tezləşə bilər.

Maraqlıdır, həqiqətən də Ermənistanla yekun sülh müqaviləsi imzalana bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Tural İsmayılov deyib ki, Azərbaycan 5 maddəlik sülh təklifini Ermənistana təklif edib:

“Rəsmi İrəvan 5 maddəlik sülh təklifi ilə razıdır. Lakin son baş verən hadisələr deməyə əsas verir ki, beynəlxalq güclər gərginlik yaradırlar, Ermənistanı Azərbaycanla yenidən müharibəyə başlamağa təhrik edirlər. Təəssüf ki, bu artıq real təhdid halını almağa başlayıb.

Bütün bunlara baxmayaraq Azərbaycan bütün qanuni torpaqlarında öz yurisdiksiyasını bərpa etməkdə qərarlıdır. Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi ərazilərdə bizi qane etməyən müəyyən fəaliyyət olsa da hesab edirəm bu, prosesə mane olmayacaq.

Hesab edirəm, indiki məqamda Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanması realdır. Bu, Ermənistanın iqtisadi manevr imkanlarının artması deməkdir. Ermənistanın Azərbaycan ilə münasibətlərini yaxşılaşdırması birbaşa Türkiyə ilə münasibətlərin yaxşılaşması deməkdir. Fikrimcə, Ermənistan istəsə də, istəməsə də rəsmi Bakının təklif etdiyi şərtlər əsasında sülh müqaviləsini imzalayacaq. Biz bunun üçün əlimizdən gələni edəcəyik”.

Turan Rzayev
Globalinfo.az