Azərbaycanda Fransa mallarının boykotu gözlənilir? – Açıqlama

Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bu şəxslərin birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi faktı da üzə çıxıb. Məhz bundan sonra Fransa səfirliyinin iki əməkdaşı “persona non grata” elan edilib. Ardınca rəsmi Paris heç bir əsas olmadan Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşı ilə bağlı analoji addım atıb.

Maraqlıdır, diplomatik səviyyədəki problemlər iqtisadi müstəvidə də özünü göstərə bilərmi? Azərbaycanda Fransa məhsullarının boykotu mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Azərbaycanın xarici ticarətində Avropa İttifaqı ölkələrinin yeri 65 faiz təşkil edir:

“Burada Fransanın payı olduqca aşağıdır, lakin nəzərə almaq lazımdır ki, Fransa Avropanın aparıcı ölkəsidir.

Xalid Kərimli

Azərbaycanın Avropa ilə münasibətlərini daha da genişləndirməsi planları var. Yaşıl enerjinin Qara dənizin dibi ilə Avropaya çəkilməsi məsələsi də buna hesablanıb. Bu səbəbdən Azərbaycanın Fransa ilə iqtisadi münasibətlərdə kəskin addım atması, məhsulların boykot edilməsi gözlənilmir.

Enerji layihələrimizdə də Fransa şirkətləri yaxından iştirak edir. “Abşeron” qaz-kondensat yatağı layihəsi həyata keçirilir: qaz hasilatımızın 15 faizi o yataqdan çıxarılacaq. Fransanın “TotalEnergies” şirkəti ilə 50/50-yə paya malikik. Bu layihənin də fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Siyasi münasibətlər heç də həmişə iqtisadi məsələlərə sirayət etmir. Nəzərinizə çatdırım ki, Rusiya-Avropa münasibətləri yüksək səviyyədə olmasa da, Moskvaya Ukrayna üzərindən həmin qitəyə qaz satır”.

Safura Bənnayeva
Globalinfo.az