Son günlər tez-tez müzakirə olunan mövzulardan biri də Rusiya-İran münasibətlərinin yaxınlaşmasıdır. Belə ki, yerli və xarici mediada yer alan məlumatlara görə, oktyabr ayında Kazanda keçiriləcək BRİKS sammitində İran Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq.
Bu prosesin Azərbaycan üçün hər hansı təhlükəsi var?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Rusiya ilə İran arasında sazişin artıq imzalamağa hazır olması barədə məlumatlar gəlməkdədir:
“Böyük ehtimalla bu saziş Rusiyada baş tutacaq BRİKS-in növbəti sammitində imzalanacaq. Azərbaycanın regionun əsas dövləti olduğunu nəzərə alsaq bu sazişin onun üçün hansı əhəmiyyət daşıdığı maraqla təhlil olunur. Bu məsələni aydınlaşdırmaq üçün əlbəttə öncə sazişin ehtiva etdiyi məsələləri nəzərdən keçirmək lazımdır.
Beləliklə əldə etdiyimiz məlumatlara görə, Rusiya və İran arasında saziş siyasi, iqtisadi, hərbi və texnoloji sahələr üzrə bir sıra ikitərəfli tərəfdaşlıq və əməkdaşlığa istinad edəcək. Son illərdə Rusiya –İran münasibətləri ortaq strateji maraqlar və Qərbin, xüsusən də ABŞ və müttəfiqlərinin təsirini tarazlaşdırmaq istəyi səbəbindən daha da güclənib. Qərb və ABŞ-ın həm Cənubi Qafqaz, həm də Yaxın Şərqdə həyata keçirdiyi tədbirlərin intensivliyi artdıqca ona əks olan qüvvələr də öz hərəkət tezliyini gücləndirirlər”.
Politoloqun sözlərinə görə, Rusiya-İran razılaşmasının əsas aspektlərinə aşağıdakıların daxil ediləcəyi proqnozlaşdırırlır:
“1. Hərbi Əlaqələr:
Rusiya və İranın hərbi sahədə, xüsusən də Suriya vətəndaş müharibəsi zamanı Bəşər Əsəd hökumətini dəstəklədiyi və Suriyada birlikdə fəaliyyət göstərdikləri məlumdur. Bu əməkdaşlığın əldə olan nəticələri tərəfləri qane edir və onlar bu istiqamətdə daha da güclü şəkildə davam etməyi nəzərdə tuturlar. Onlar həmçinin bu bölgədə silah sövdələşmələri və birgə hərbi təlimlər keçiriblər və bu təlimləri davam etdirəcəklər.
2. İqtisadi sahədə əməkdaşlıq:
İki ölkə enerji, kənd təsərrüfatı, infrastruktur və nəqliyyat sahələrində əhəmiyyətli iqtisadi əlaqələri inkişaf etdirmişlər. Məsələn, onlar həm də böyük neft və qaz hasilatçılarıdırlar və bu sahədə koordinasiya Qərbin sanksiyalarının qarşısını almağa köklənib. İran sanksiyalar qarşısında əldə etdiyi təcrübə bu gün Rusiya üçün həyati əhəmiyyət daşıyır.
3. Enerji və enerji daşıyıcıları sahəsində əməkdaşlıq:
Rusiya və İran qlobal enerji bazarlarında, xüsusən də neft və təbii qazda əsas oyunçulardır. Bu sektorda əməkdaşlıq onlara OPEC kimi təşkilatlar vasitəsilə koordinasiya da daxil olmaqla mövqelərini gücləndirməyə və Səudiyyə Ərəbistanının bu hegemonluğuna qarşı çıxmağa imkan verir.
4. Sanksiyalar və Qərbin təsirinə qarşı mübarizə:
Hər iki ölkə Qərb dövlətlərinin (xüsusən də ABŞ və Avropa Birliyi) ağır sanksiyaları ilə üzbəüzdür. Onların tərəfdaşlığı bu iki dövlətə Qərb maliyyə sistemlərindən yan keçən ticarət mexanizmlərini inkişaf etdirməklə bir-birlərinə əks cəbhədən gələn iqtisadi təzyiqlərə davam gətirməyə kömək etməyə şərait yaradır.
Əlimusa İbrahimov
5. Nüvə Əməkdaşlığı:
Rusiya İranın mülki nüvə proqramında iştirak edib və bu əməkdaşlıq davam etdirilir. Məsələn, Rusiya İranda Buşəhr Atom Elektrik Stansiyasının tikintisinə yardım edib. Bununla belə, İranın potensial hərbi nüvə ambisiyaları ilə bağlı narahatlıqlar səbəbindən bu əməkdaşlıq Qərb tərəfindən ciddi şəkildə araşdırılır, eyni zamanda bu əməkdaşlığın qarşısını kəsməyə çalışırlar.
6. Geosiyasi Alyans:
Həm Rusiya, həm də İran ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyada təsirini azaltmaq üçün ortaq maraqlara sahibdirlər. Onların tərəfdaşlığı regionda güc balansını formalaşdırmaq üçün daha geniş geosiyasi manevrlərin bir hissəsi kimi qiymətləndirilə bilər.
Yaxın iqtisadi əlaqələr və genişlənmiş hərbi əməkdaşlıq da daxil olmaqla son razılaşma hər iki ölkənin Qərbin davamlı sanksiyaları və beynəlxalq siyasətdə təcridlə üzləşdikləri bir vaxtda münasibətlərin dərinləşməsindən xəbər verir”.
Əlimusa İbrahimovun fikrincə, əsas məsələ bu razılaşmanın Azərbaycan prizmasından istifadə edilməsidir:
“Göründüyü kimi qeyd olan maddələrdə bizim üçün ciddi təhlükə doğuracaq məqamlar ya yoxdur, ya da yox həcmindədir. Amma bu konteksdə Azərbaycanın Rusiya–İran yaxınlaşmasından təsirlənməyəcəyini söyləmək də mümkün deyil. Heç şübhəsiz Azərbaycana müəyyən təsirlərin olacağı qaçılmazdır. Amma bu təsirlərin ölkəmizin mənafeyi naminə istiqamətləndirilməsi Azərbaycan diplomatiyasının əsas vəzifələrindəndir. Hesab edirəm ki, diplomatiyamız İlham Əliyevin rəhbərliyi altında bu vəzifənin öhdəsindən uğurla gələcəkdir. Həmişə olduğu kimi”.
Safura Bənnayeva
Globalinfo.az