“Azərbaycanın birgə təhqiqat aparması üçün hüququ yaradan sənədlərdən biri də Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında hüquqi yardım haqqında 1998-ci il fevralın 21-də bağlanmış müqavilədir.
O cümlədən, törədilmiş cinayətlərin araşdırılması sahəsində birgə əməkdaşlıqla bağlı müqavilə var. Hələ mən Vyana Konvensiyasını, digər sənədləri kənara qoyuram. Bu müqavilə kifayət edir ki, biz səfirliyimizə qarşı terrorun istintaqı ilə bağlı bütün proseslərdə iştirak edək. Əgər İran xoş məram göstərməyəcəksə, bu, beynəlxalq müqavilə də öz əhəmiyyətini itirəcək”.
Bu fikirləri Globalinfo.az-a hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Ekspert qeyd edib ki, qarşılıqlı təhqiqatın aparılması beynəlxalq praktikada çox geniş yayılıb:
“Bir ölkə ərazisində başqa ölkəyə məxsus təyyarə qəzasının birgə araşdırılması həyata keçirilir. Bir ölkədə mütəşəkkil cinayət baş verir, amma onun izləri digər bir ölkəyə gedib çıxırsa, birgə təhqiqat aparılır və s. Azərbaycanla İran arasındakı həmin o müqaviləni beynəlxalq səviyyədə və ikitərəfli razılaşmalar səviyyəsində legitimləşdirən kifayət qədər sənədlər var”.
Sahib Məmmədov
O, birgə istintaqda hansı formada təmsil olunma barədə deyib ki, bu, qurumlararası əməkdaşlığın səviyyəsindən asılı olan məsələdir:
“Bu məsələni işçi qaydada həll etmək asandır. Əsas odur ki, bununla bağlı Azərbaycan tərəfinin müraciəti və İranın buna razılığı olsun”.
S.Məmmədov əlavə edib ki, İranın Azərbaycana qarşı düşmən münasibəti davam edəcəksə, əvvəldən imzaladığımız beynəlxalq müqavilələrə yenidən baxmaq zərurəti ortaya çıxır:
“İki dövlət arasında azadlıqdan məhrum edilmiş məhkumların cəzaçəkməsinin verilməsi haqqında müqavilə var. Digər sahələrdə də əməkdaşlığa dair müqavilələrə yenidən baxıla bilər. Əlbəttə, münasibətlərin yaxşılaşmasında Azərbaycan maraqlıdır. Sülhpərvər, praqmatik xarici siyasət yeridən Azərbaycan qonşuları ilə konfliktə getməyi xoşlamır. Bu münasibətlər də yumşala bilər. İranla bizi bağlayan bir çox vacib məsələlər var. Törədilmiş cinayətin birgə araşdırılması və bununla bağlı Azərbaycana tam şərait yaradılması bu vəziyyətin yaxşılaşdırılması istiqamətində bir addım kimi ola bilər”.
Gülnar Səlimova