Azərbaycan Qarabağın erməni sakinlərinin… – Ombudsman

Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli sakinlərin nümayəndələrinin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünü təqdirəlayiq hesab edirik.

Globalinfo.az xəbər verir ki, bu barədə Qarabağda yaşayan erməni əsilli sakinlərin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın açıqlamasında deyilib.

Bildirilib ki, nultikultural və tolerant dövlət olan Azərbaycan milliyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, bu hüquq və azadlıqların inkişafına xüsusi diqqət yetirir.

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bu kimi təmasların nəhayət bölgəmizdə sülhün təmin olunmasına və inkişafa, Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə mühüm töhfə verəcəyinə inanır, gələcəkdə birgə yaşayış üçün münbit şəraitin yaradılması baxımından yüksək qiymətləndirirəm”, – Ombudsman vurğulayıb.