Azərbaycan Qarabağda ABŞ-ın oyununu pozdu – Vaşinqton yeni ssenarilər hazırlığında

Ermənilərin Qarabağı kütləvi şəkildə tərk etməsi fonunda ənənəvi olaraq Qərb reaksiyalar verməyə başlayıb. Etnik təmizləmə, ərazinin demoqrafik vəziyyətinin dəyişməsi kimi iddialar səsləndirən bəzi Qərb dairələri bu iddialarını arqumentləşdirə bilmir. Buna baxmayaraq bəzi ekspertlər iddia edir ki, Kosova variantı kimi Azərbaycana təzyiqlər edilə bilər.

Maraqlıdır, Qərb Qarabağa görə Azərbaycana qarşı koalisiya qurur? Kosova variantı etmək istəyirlər? Bütün bu olanlardan sonra bizə təzyiq göstərib, ermənilərə nə isə əldə etmələri üçün dəstək vermələri mümkündür? Etnik təmizləmə iddiası ilə BMT, başqa beynəlxalq təşkilatlarda məsələ qaldıra bilərlər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son vaxtlar Qarabağda baş verən hadisələr şübhəsiz ki, Qərbi narahat edir:

Kənan Novruzov

“Proseslər xüsusilə ABŞ-ın təsəvvür etmədiyi sürətlə və ssenari ilə inkişaf etdi. Əlbəttə bu məsələdə müəyyən mənada Türkiyə və Rusiyanın da rolu oldu. Qərb bundan sonra proseslərin inkişafına, o cümlədən təmasların konstruktiv şəraitdə keçməsinə, reinteqrasiyaya mane olmağa çalışa bilər. Buna hazır olmalıyıq. Hazırda Qərbin gündəmində olan əsas məsələ Ermənistana beynəlxalq missiyanın yerləşdirilməsidir. Heç bir halda buna imkan vermək olmaz. Belə bir ssenari prosesləri tormozlayar.

Proseslər onu göstərir ki, Azərbaycan Türkiyə və Rusiya birlikdə ABŞ-ın Ermənistan vasitəsilə həyata keçirmək istədiyi oyunu pozdu. Bu isə o deməkdir ki, Vaşinqton gələcəkdə də hansısa yeni ssenarilər üzərindən hərəkətə keçə bilər. ABŞ-ı düşündürən əsas məsələ Rusiyanın regiondakı təsirinin azalmasıdır. Buna görə də hər şeyi edir”.

Ekspert deyib ki, Moskva və Vaşinqton arasındakı rəqabət birbaşa Cənubi Qafqaza təsir etsə də, əslində bizim maraqlarımıza cavab verir:

“Çünki yeni imkanlar ortaya çıxır. Kosova ssenarisi isə mümkün deyil. Ssenari oxşar olsa da, geosiyasi mənzərə, balanslar fərqlidir. Ən əsası, Azərbaycan Kosova deyil!”.

Turan Rzayev
Globalinfo.az