
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Globalinfo.az bildirir ki, məktubda deyilir:
“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Bu əlamətdar tarix Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinin, sosial-iqtisadi inkişafında nəzərəçarpan nəticələrin əldə olunmasının, ölkənin beynəlxalq arenada nüfuzunun artmasının rəmzidir.
Mən Azərbaycan xalqının mədəniyyətini və qonaqpərvərliyini hiss etdiyim, çoxlu müsbət təəssüratlar aldığım Bakı səfərimi və Sizinlə görüşümü məmnunluqla xatırlayıram.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinin ayrılmaz parçasıdır və təşkilatın dialoq üzrə ən fəal tərəfdaşlarındandır. Əminəm ki, birgə səylərimizlə qarşılıqlı münasibətlərimizin məzmununu gələcəkdə daha da zənginləşdirəcəyik.
Zati-aliləri, icazə verin Sizə möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım”.
***13:09
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Globalinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Sizə, ölkənizə və xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Litva Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Qəti əminəm ki, Siz bundan sonra da milli tərəqqiyə və transformasiyaya aparan islahatları həyata keçirməkdə davam edəcəksiniz.
Biz Sizin ölkənizin Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir və yüksək qiymətləndiririk. Mən Ermənistanla sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş və regionda davamlı sülh üçün tarixi imkan yaradan razılaşmanı alqışlayıram. Litvanın Cənubi Qafqazda etimadın yaradılmasına töhfə verməyə hazır olduğunu bir daha qeyd edirəm. İnanıram ki, dialoq və danışıqlar davamlı konsensusa nail olmağın yeganə yoludur.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əhəmiyyətlidir.
Biz ölkənizlə Avropa İttifaqı arasında getdikcə inkişaf edən dialoqu dəstəkləyir və təşviq edirik. Bütün dünyanın artan çağırışlarla üzləşdiyi, Rusiya ilə Ukrayna arasında müharibənin üçüncü ildir ki, davam etdiyi bir vaxtda beynəlxalq nizamı qorumaq, sabitliyi gücləndirmək üçün qarşılıqlı anlaşmanı möhkəmləndirmək və həll yollarını tapmaq çox vacibdir.
Müstəqillik Gününüzü bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az bildirir ki, mətndə deyilir:
“Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha çox inkişaf və firavanlıq diləməkdən məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən qardaşlıq və əməkdaşlıq münasibətlərinin artan dinamika ilə inkişafından şad olduğumu bildirirəm. Dost xalqlarımıza xidmət baxımından əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək istəyimi bir daha ifadə edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.