Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” səhifəsində yazıb.
O qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı Ermənistana qarşı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktlarına görə işinin davam etdiriləcəyini təsdiqləyib. Məhkəmə, həmçinin Ermənistanın minaya düşənlər və partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı iddiaları məhkəmənin yurisdiksiyasından kənarlaşdırmaq cəhdini rədd edib.
“Ermənistanın mina kampaniyalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir. Azərbaycan əmindir ki, Məhkəmənin tədqiq etdiyi sübutlar beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcək”, – nazir müavini yazıb.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, 44 günlük müharibə və onun ardınca bir günlük antiterror tədbirlərinin bitməsi ilə Azərbaycan torpaqları işğaldan azad edildi:
“Məhz bundan sonra Azərbaycan Prezident İlham Əliyev Azərbaycan xalqına növbəti müraciətlərinin birində bəyan etdi ki, biz düşmənlə-ermənilərlə döyüş cəbhəsində müharibəni başa vurduq. Bu siyasətin müharibə formasında davam edən mərhələsi idi. Müharibənin bitməsi mübarizəmizin bitməsi anlamına gəlməməlidir. Ermənilərlə bundan sonrakı mübarizəmiz siyasi və hüquqi müstəvidə davam etdiriləcək.
İlham Əliyevin vurğuladığı kimi, bu gün bizim mübarizəmiz davam edir. Sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması, ermənilərin işğal altında olan torpaqlarımızdakı yaşayış məntəqələrimizi viran qoyduqları üçün təzminat ödəmələrinə nail olmaq bu mübarizənin tərkib hissəsidir. Bu gün biz ermənilərlə beynəlxalq hüquqi müstəvidə də vuruşuruq. Bu müharibə daha çətindir, uzunsürəndir. Çünki 44 günlük müharibə zamanı ortada olmayan çeşidli düşmənlərlə üz-üzəyik və onlar ermənilərin məğlub edilməsinin qisasını bizdən almaq üçün dəridən-qabıqdan çıxırlar”.
Əlimusa İbrahimov
Ekspert deyib ki, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan və Ermənistanın qaldırdığı məhkəmə iddialarına da bu kontekstdən yanaşmaq lazımdır:
“Ermənilər və onların arxasında duranlar Azərbaycanın COP29-a başının qarışmasından istifadə edərək ermənilərə qarşı olan iddialarımızı geri çevirməyə cəhd etdilər. Hətta bir gün öncə bu barədə erməni mətbuatı sevinclə peyk məlumatlar da yaratdılar. Amma çox keçmədi ki, həqiqət üzə çıxdı.
Məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasını qəbul edib. Bu, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması və torpaqlarımızın minalaması barədə məsuliyyətə cəlb olunacaq. Ermənilərin Azərbaycana qarşı beynəlxalq hüquqi müstəvidə atdıqları növbəti addım da beləcə iflasa uğradı.
Düşünürəm ki, COP29-u uğurla başa vurduqdan sonra hüquq mühafizə orqanlarımız beynəlxalq səviyyədə Azərbaycanın müdafiəsini layiqincə təmin etmək üçün daha ciddi fəaliyyətə başlayacaq”.
Turan Rzayev
Globalinfo.az