prezident

Globalinfo.az Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünya mediasına verdiyi müsahibələrdən maraqlı sitatları xatırlatmağa davam edir.

Bu kontekstdə Prezidentin 2020-ci ilin bu günü – oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi xüsusi diqqət çəkir.

Həmin müsahibədə jurnalistin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?” sualına Prezident belə cavab vermişdi:

“İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.

Bilirsiniz, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşmır. Halbuki Ermənistan o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.

Paylaş: