Süni intellektin sürətli inkişafı dünya əmək bazarında ciddi dəyişikliklərə yol açır. Artıq bir sıra beynəlxalq şirkətlər iş proseslərini avtomatlaşdırır, bəzi vəzifələri süni intellektlə əvəz edir və bunun nəticəsində işçi ixtisarlarına gedirlər. “Netflix”in 1000 əməkdaşını işdən çıxarmaq planı da bu tendensiyanı yenidən gündəmə gətirib.
Bəs süni intellekt gələcəkdə daha hansı peşələri sıradan çıxara bilər? Gənclər hansı ixtisaslara və bacarıqlara üstünlük verməlidirlər ki, əmək bazarında rəqabət qabiliyyətlərini qorusunlar? Dünyada bu proses sürətlənsə də, Azərbaycanda vəziyyət necədir və süni intellektin yerli əmək bazarına təsiri hansı istiqamətlərdə özünü göstərə bilər?
Globalinfo.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, dünya miqyasında tanınan şirkətlər artıq süni intellektin təsiri ilə işçilərini ixtisar edirlər.
“Bu proses gözlənilən idi. Bir zamanlar internet ixtira olunanda və sürətlə yayılmağa başlayanda insanlar düşünürdülər ki, bunun nəticəsində çoxları işsiz qalacaq. Lakin sonrakı mərhələdə insanlar işlərini internetə uyğunlaşdırdılar və onsuz fəaliyyətlərini təsəvvür edə bilmədilər. İndi də əsas məsələ hər bir sahədə süni intellekti necə tətbiq edə biləcəyimizi düşünməkdir.
Əl əməyinə əsaslanan bəzi peşələri süni intellekt tam əvəz edə bilməz. Peşə təhsili müəssisələrində öyrədilən bir sıra ixtisaslarda isə süni intellekt insanı əvəz etməkdən daha çox ona dəstək ola bilər. Məsələn, dayəlik peşəsini götürək. Süni intellekt dayəyə müəyyən məsələlərdə kömək edə, uşağın qidalanması və düzgün nəzarətlə bağlı tövsiyələr verə bilər. Ancaq insanın birbaşa iştirakını tam əvəz edə bilməz. Bərbərlik də belə peşələrdəndir.
Digər tərəfdən, elə sahələr var ki, burada süni intellekt insan əməyini qismən və ya müəyyən hallarda tam əvəz edə bilər. Bununla belə, həmin sahələrdə də süni intellektin imkanlarından düzgün istifadə etməyin yollarını tapmaq lazımdır. Məsələn, media sahəsində süni intellekt materialların hazırlanması və redaktəsi prosesini sürətləndirə bilər. Bu halda bəzi işlərə ehtiyac azala bilər. Ona görə də süni intellektin hazırladığı materiallara nəzarət etməyi, düzgün tapşırıqlar verməyi və nəticələri sistemləşdirməyi bacarmaq vacibdir. Hər bir halda süni intellekt insanı tam əvəz edə bilməz. O, insanı işindən edən deyil, onun fəaliyyətini gücləndirən vasitəyə çevrilməlidir”.
Elmin Nuri
Ekspertin sözlərinə görə, süni intellekti düzgün idarə etməyi və onun işinə nəzarət etməyi bacaran şəxslər rəqabətdə üstünlük qazanacaqlar:
“Bu texnologiyadan istifadə etməyənlər isə geridə qala bilərlər. Mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, data analitikası və media kimi sahələrdə süni intellektlə işləməyi bacaran, eyni zamanda onun nəticələrinə düzgün nəzarət edən şəxslər öz mövqelərini gücləndirə bilərlər. Əksinə, yeni texnologiyalara uyğunlaşmayan əməkdaşların işlərini itirmək riski arta bilər. Bu, rəqabət dünyasıdır. Biz internet dövründən süni intellekt dövrünə keçirik. İnsanların bu dəyişiklikləri gündəlik həyatın və iş prosesinin adi hissəsi kimi qəbul etməsi isə müəyyən vaxt aparacaq.
İnternet insanların işini tamamilə aradan qaldırmadığı kimi, onların onlayn fəaliyyət göstərməsinə də geniş imkanlar yaradıb. Süni intellektdən istifadə zamanı da əsas məsələ balansı qorumaq və texnologiyanı düzgün istiqamətləndirməkdir. Bu, insanın özündən asılıdır. Müxtəlif proqnozlarda 2035-ci ilədək əmək bazarında ciddi dəyişikliklərin baş verəcəyi qeyd olunur. Keçid dövründə süni intellektdən istifadə etməyi bacaran şəxslər gələcəkdə daha böyük uğurlar qazana, bu dəyişikliklərə uyğunlaşmayanlar isə maliyyə və psixoloji çətinliklərlə üzləşə bilərlər”.
Safura Bənnayeva
Globalinfo.az