Xəbər verdiyimiz kimi, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.
Globalinfo.az Vüqar Zifəroğlu haqda məlumatları təqdim edir:
Vüqar Zifər oğlu Əliyev 1978-ci il oktyabrın 12-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika ixtisasına qəbul olunub.
O, 1999-cu ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə, 2001-ci ildə isə magistratura pilləsini yüksək nəticələrlə başa vurub. 1997-ci ildən etibarən dövri mətbuatda analitik və araşdırma yazıları ilə çıxış edir.
Vüqar Əliyev jurnalistika, beynəlxalq münasibətlər və xüsusilə Yaxın Şərq mövzularına dair araşdırmaları ilə tanınır. Onun analitik yazıları Azərbaycanın müxtəlif informasiya portallarında və media orqanlarında dərc olunub. Müxtəlif televiziya kanallarına ekspert qismində dəvət edilib.
Bakı Dövlət Universitetindəki fəaliyyəti 2001-ci ildən başlayır. O, əvvəlcə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, daha sonra Beynəlxalq jurnalistika kafedrasında çalışıb.
2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən isə dosent vəzifəsində fəaliyyət göstərib. 2010–2017-ci illərdə “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasında müdir-aparıcı elmi işçi olub.
2017-ci ilin may ayından Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanıdır.
Vüqar Əliyev 2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik, 2017-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktorudur. Bir sıra kitab və monoqrafiyaların müəllifidir. Onun nəşrləri arasında tarix, beynəlxalq jurnalistika və media sahələrinə aid əsərlər yer alır.