2024 Azərbaycanda nə ili olacaq? – Maraqlı versiya

“2023-cü il Azərbaycan tarixi baxımdan çox mühüm, əlamətdar hadisələrlə yadda qaldı. 30 il ərzində dalana dirənən bir çox məsələ həll edildi. Ən əsası torpaqlarımız işğaldan azad olundu”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, 19-20 sentyabr tarixində keçirilən lokal antiterror tədbirləri 2023-cü ilin ümumi vəziyyətini dəyişdi:

“Məsələ ondadır ki, bu hadisəyə qədər də Laçında nəzarət-buraxılış məntəqəsi qurulmuş, Şuşada ekoaktivistlərin aksiyası keçirilmişdi. Kütləvi məzarların aşkarlanması, habelə reinteqrasiya prosesi də mühüm hadisələr idi. Lakin lokal antiterror tədbirləri keçmiş Qarabağ münaqişəsinin sonu oldu.

Xankəndidə bu gün Azərbaycan bayrağı dalğalanır, Qarabağ yenidən qurulur. Ən əsası dövlət strukturlarımız Qarabağda fəaliyyətini bərpa edir. Bu həm də yaxın gələcəkdə böyük qayıdışın gerçəkləşəcəyi mənasını verir”.

Politoloq Xankəndidə keçirilən Zəfər paradı haqda da danışıb:

“Xankəndidə keçirilən hərbi parad zəfərimizin, qələbəmizin elanı idi. Azərbaycan gücünü, qüdrətini bir daha əyani şəkildə sübut etdi. Məsələ ondadır ki, bir zamanlar Azərbaycanı yeni əraziləri işğal etməklə hədələyən xunta rejiminin əsas şəxsləri bu gün həbsdədir. Onların bir vaxtlar fəaliyyət göstərdikləri yerdə biz Zəfər paradı keçirdik.

Qabil Hüseynli 

Ötən 30 ilə baxdıqda bütün bunlar yuxu kimi gəlir. Amma reallıqdır və bu reallıqla hər kəs barışır. Mübarizəmiz davam edir. Söhbət hansısa müharibədən yox, sülh mübarizəsindən gedir. Gələcək nəsillərin yeni müharibənin acı fəsadlarını görməməsi üçün işlər görülür. Ermənistanda danışıqlar aparılır, sülh müqaviləsi istiqamətində mühüm irəliləyişlər əldə edilir. Mümkündür ki, 2023-cü ilin müsbət dinamikasını 2024-cü ildə də görəcəyik. 2023-cü il Zəfər ilidirsə, 2024-cü il Sülh ili olacaq”.

Turan Rzayev
Globalinfo.az