AZAL-dan şad xəbər: biletlər ucuzlaşır? – FOTO

14 sentyabr tarixində AZAL-ın yeni rəhbərliyi bir neçə deputatla görüş keçirib. Görüşdə iştirak edən deputatlardan biri də Razi Nurullayev olub.

O, Globalinfo.az-a açıqlamasında görüşün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə AZAL rəhbərliyi tərəfindən təşkil olunduğunu, 31 deputatın dəvət edildiyini bildirib:

“31 nəfər arasında komitə sədrləri, komitə sədrlərinin müavinləri, partiya rəhbərləri də var idi. Ora daha çox hər zaman AZAL-ı tənqid edən deputatları dəvət edilmişdilər. AZAL-ın yeni rəhbərliyi özünün strateji viziyonunu, baxışlarını, bundan sonrakı addımlarını, problemlər və çıxış yollarını, təklifləri, digər məsələləri müzakirə etmək üçün görüşü təşkil etmişdi. Məncə, buna nail oldular”.

R.Nurullayev qarşılıqlı görüşdə 3 saatdan çox müzakirə aparıldığını deyib:

“Bu müddət ərzində deputatlar fikirlərini dedi, onlar da qeydlərini götürdülər. Ümumilikdə 200-ə qədər təklif, narazılıq və istək çatdırıldı. Bəzilərinə elə orada cavab verildi, bəzi məsələlər isə hələ ki açıq qalır. Amma aviasiya ilə bağlı bir qanun layihəsi hazırlanıb. Hazırda müvafiq iqtisadi komitə tərəfindən müzakirə olunur, bir müddət sonra isə Milli Məclisin müzakirəsinə çıxarılacaq. Qalan məsələlər artıq orada müzakirə olunacaq.

Aydın oldu ki, AZAL-ın yeni rəhbərliyinin çox dürüst viziyonu var. Qaldırılan problemlərin bir çoxu ilə razıdırlar, razı olmadıqları məsələlərin də izahatını verməyə çalışdılar. Millət vəkillərimizin fikri bu oldu ki, müxtəlif pullu xidmətlərin sayını artırmaq olar, amma istənilən halda biletlərin ucuzlaşması ilə bağlı addımlar atılmalıdır”.

Razi Nurullayev

Deputatın sözlərinə görə, AZAL artıq bir çox aşağıbüdcəli hava şirkətlərinə imkanlar yaradır:

“AZAL-da artıq elə bir problem yoxdur ki, hansısa şirkət müraciət etsin və onu geri qaytarsınlar. Hətta bir çox şirkətlərə icazə verilib. Bu il 20-yə qədər başqa ölkələrə reys açılmışdı, daha yeddi istiqamət üzrə də reyslər açılıb.

Qiymət siyasətində ayrı-ayrı uçuşlar üzrə müəyyən aksiyalar keçirəcəklər ki, bu aksiyalar vasitəsilə qiymət məsələsini tənzimləyə bilsinlər. Amma bu, zaman alacaq. Rəhbərlik də qeyd etdi ki, qiymətlərin aşağı salınması ilə bağlı işlər gedir və bütün mümkün variantlardan istifadə olunacaq”.

Zaira Akifqızı
Globalinfo.az