Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “bezdirdiniz” ifadəsinin Bakıda həbsdə olan ermənilərə deyil, jurnalistlərə ünvanlandığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, məsələ Mirzoyanın Azərbaycanada həbsdə olan erməni separatçılarla bağlı suala əsəbi reaksiyasından sonra gündəmə gəlib.
Belə ki, mayın 25-də Gümrüdə keçirilən seçkiqabağı təşviqat zamanı jurnalistlər ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərinin gündəliyi ilə maraqlanıblar. Jurnalistlərdən biri Rubio ilə görüşdə ermənilərin məsələsinin müzakirə olunub-olunmayacağını soruşub. Bu zaman Mirzoyan “məni bezdirdiniz” deyə cavab verib.
Nazir daha sonra açıqlamasında bildirib ki, onun sözləri əsirlərə yox, israrlı suallar verən jurnalistlərə aid olub:
“Doğrudan kimsə düşünür ki, əsirlərlə bağlı suala “bezdirdiniz” deyə cavab verə bilərəm? Bunun belə təqdim olunması qərəzlidir. Bilmirəm, media bunu bilərəkdən göstərib, yoxsa kiminsə tapşırığı olub. “Bezdirdiniz” ifadəsi jurnalistlərə aid idi, sualın özünə yox”, – Mirzoyan vurğulayıb.
Əliyar Xəlil