Ayını xərəkdə həkimə çatdırdılar – VİDEO

Bəzi sosial şəbəkələrdə Azərbaycanda ayıların veterinar klinikasına aparılması ilə bağlı görüntülər yayılıb.

Videoda Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının ayını xərəkdə daşıdığı görünür.

Globalinfo.az xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimova Bakı.vs-ə açıqlamasında sözügedən videonun bir neçə gün əvvəl, Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayıların peyvəndlənməsi zamanı çəkildiyini bildirib.

Belə ki, GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının rəhbəri Fərid Mansurovun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində mütəxəssislər Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayıların müayinə, müalicə və peyvəndlənməsi həyata keçirib.

Həmçinin “Four Paws” təşkilatının nümayəndələri Altıağac Milli Parkında yerləşən vəhşi təbiətin reabilitasiya mərkəzində 7-9 noyabr tarixlərində Azərbaycan Aqrar Universitetindən tələbə və müəllimləri, o cümlədən Bakı Zooparkının həkimləri üçün təlim keçib.

Baytarlıq təbabəti fakültəsi tələbələri və müəllimləri vəhşi heyvanlar üzərində aparılacaq müayinə, diaqnostika, müalicə və əməliyyatları görmək və bu təcrübədən yararlanmaq üçün fürsət əldə ediblər.