Bakıda avtobus intervalları ilə bağlı problemlərin əsas səbəbi avtobusların hərəkətinə yaradılan maneələrdir.
Globalinfo.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən paytaxtda avtobus zolaqları yaradılır və həmin şəbəkə mərhələli şəkildə genişləndirilir.
Anar Rzayev qeyd edib ki, avtobusların hərəkətinə maneə olmadıqda intervalları qorumaq daha asan olur.
“Hazırda avtobusların orta sürəti 17 km/saatdan 21–22 km/saata qədər yüksəlib. Bu isə həm intervalların qorunmasına, həm də ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərir”, – o əlavə edib.
AYNA sədri “AYNA MaaS” tətbiqindən də danışıb. O bildirib ki, əvvəllər intervallar qeyri-sabit olduğu üçün tətbiqin tam istifadəsi mümkün deyildi. Hazırda isə sistemdə avtobusların hərəkəti GPS məlumatları əsasında real vaxt rejimində göstərilir.