Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi mübarizəni 5 medalla başa vurub

Azərbaycan cüdoçusu Ruslan Nəsirli Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatını 5-ci pillədə başa vurub.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə italiyalı Yan Karlettiyə uduzub.

Beləliklə, Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni 5 medalla bitirib. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.

Sentyabrın 18-də komanda yarışları baş tutacaq.

18:17

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Talıbov finalda ukraynalı İvan Kutenkova ipponla qalib gəlib.

Bu, Azərbaycanın qitə birinciliyində sayca 3-cü qızıl medalı, ümumilikdə isə 5-ci medalı olub. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Nəsirli bürünc medal görüşündə italiyalı Yan Karletti ilə üz-üzə gələcək.

18:14

Azərbaycan cüdoçusu İsmayıl Zamanov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Zamanov 3-cü yer uğrunda görüşdə macarıstanlı Peter Safranini üstələməyi bacarıb. O, rəqibinə qızıl xal bölümündə qalib gəlib.

Qeyd edək ki, bu çəkidəki final qarşılaşmasında Azərbaycanın digər təmsilçisi Vüqar Talıbov finalda ukraynalı İvan Kutenkovla üz-üzə gələcək.