Arayik Paşinyanın qəbuluna düşə bilmir

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan bir dəstə erməni ilə Xankəndidən İrəvana gedib.

Globalinfo.az bildirir ki, Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, artıq iki gündür İrəvanda olan Qarabağ erməniləri baş nazir Nikol Paşinyanın qəbuluna düşə bilmir.

Ermənistan KİV-ləri Arayik Arutyunyanın Nikol Paşinyanla görüşüb-görüşmədiyini öyrənə bilməyib. Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər ki, görüş baş tutduğu zaman məlumat yayılacaq.

Qarabağdan olan nümayəndə heyəti Ermənistan hakimiyyəti ilə Praqa görüşündən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün İrəvandadır.

“Hraparak” yazır ki, Paşinyan müxtəlif bəhanələrlə Qarabağ ermənilərini qəbul etməyib.

Qeyd edilir ki, Xankəndidən gələn separatçılar qondarma “parlamentin sədri” Artur Tovmasyan, “xarici işlər naziri” Davit Babayan, “deputat” Vahram Balayan və Arayikin “müşaviri” Masis Mayilyandır.

Paşinyanın nəhayət Arayik Arutyunyanla bu gün görüşə biləcəyi bildirilir.