Araik Moskvadan xəbər gözləyir: ya “istefa” verəcək, ya da… – Erməni KİV

Azərbaycanın Xankəndi şəhərindəki separatçıların “rəhbəri” Araik Arutyunyan Moskvadan xəbər gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” öz mənbələrinə istinadən məlumat yayıb.

“Araik Paşinyanla sonuncu görüşündən məyus qayıtdı, çünki Nikol Xankəndinin Bakıya inteqrasiyasının alternativinin olmadığını demişdi. Arutyunyan hesab edir ki, hazırda onun bu “vəzifədə” edə biləcəyi başqa bir şey yoxdur. Buna görə də “istefa” verəcək. Erməni siyasi dairələri bu baxımdan Moskva səfərinin həlledici olacağını deyirlər. Ermənistanın hakim dairələrində istisna etmirlər ki, ya onu Moskvadan razı salacaqlar, ya da “istefa” ərizəsi yazacaq”, – nəşr yazıb.

Qeyd edək ki, qondarma rejimin “parlamenti” bundan öncə birinci oxunuşda “konstitusiya” düzəlişlərini qəbul edib. Düzəlişlərə əsasən, “hərbi vəziyyətdə” qondarma rejim “rəhbəri” “istefaya” gedərsə, onun yerinə növbəti “idarəçini” məhz “parlament” seçəcək.

Əlavə olaraq bildirək ki, son vaxtlar Xankəndidə proseslər özünün pik həddinə çatıb. Bakı Qarabağ erməniləri ilə növbəti görüşün Azərbaycan paytaxtında keçirilməsini təklif edib. Separatçılar isə bu təklifi qəbul etməyiblər.

Paralel olaraq separatçılar rus sülhməramlılarının müşayiəti ilə Qarabağa silah-sursat daşımağa davam edirlər.

Bunların fonunda Xankəndidəki separatçıların “vəzifə”li şəxsləri arasında yaşanan fikir ayrılığı terrorçu, saxta rejimdə parçalanmanı artırıb.

İlkin Həsənov
Globalinfo.az